
İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real Madrid"in futbolçusu Vinisius Junioru transfer etmək istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə “Fichajes” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Mançester təmsilçisi braziliyalı hücumçu üçün "kral klubu"na 200 milyon avroluq təklif hazırlayır.
"Qırmızı şeytanlar" 25 yaşlı oyunçunun klubu ilə müqavilə uzadılması ilə bağlı yaranmış qeyri-müəyyənlikdən yararlanmaq istəyir.
"Mançester Yunayted" Vinisiusu yeni dövrünün əsas oyunçusuna çevirmək fikrindədir. Hələlik nə "Real Madrid", nə də futbolçunun özü mümkün transferlə bağlı mövqelərini bildirməyib.
"Mançester Yunayted" Vinisius üçün 200 milyon avro ödəsə, bu transfer İngiltərə çempionatının rekordu olacaq. "Transfermarkt" portalının məlumatına görə, hazırda Premyer Liqa tarixinin ən bahalı alışı iyunda 125 milyon avro qarşılığında Almaniyanın "Bayer Leverkuzen" klubundan "Liverpul"a keçən Florian Virtsə məxsusdur.
Qeyd edək ki, Vinisius Junior ötən mövsüm ərzində meydana çıxdığı 58 oyunda 22 qol və 16 məhsuldar ötürmə müəllifi olub. Onun "Real Madrid"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.