Çilinin "Palestino" klubu Fələstin millisinin sabiq futbolçusu Süleyman Əl-Obeydin vəfat etdiyini açıqlayıb.

 

Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

 

41 yaşlı hücumçu İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində həlak olub.

 

"Klubumuz bu çətin anda bu qeyri-insani vəziyyətə müqavimət göstərən bütün fələstinli futbolçulara və bütün xalqa qucaq açır. Biz idman təşkilatlarını bu vəziyyəti nəzərdən keçirməyə çağırırıq, çünki idmana qarşı bu cür ağır cinayətlərə yol verilməməlidir", - "Palestino"nun bəyanatında bildirilir.

 

Qeyd edək ki, Süleyman Əl-Obeyd bütün karyerasını Fələstin çempionatında keçirib. O, yerli azarkeşlər tərəfindən “Fələstinin Pelesi” adlandırılırdı. Əl-Obeyd Fələstin yığmasının heyətində iştirak etdiyi 18 oyunda 2 qol müəllifi olub.

 

Fələstin Futbol Assosiasiyasının iyulun 23-də açıqladığı məlumatlara görə, 670 gündə 807 idmançı və məşqçi dünyasını dəyişib.