
“Sabah”ı hər oyunda çox qol vuran, “Araz-Naxçıvan”ı isə ilklərə imza atan avrokubok təmsilçimiz kimi qələmə verə bilərik. Düşünürəm, hər iki Azərbaycan klubunun mərhələni adlamaq şansları var”.
Bunu Sportnet.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, veteran futbolçu Vaqif Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün baş tutacaq “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) və “Levski” (Bolqarıstan) – “Sabah” oyunu barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis Azərbaycan klublarının ilk görüşdən müsbət nəticə əldə edə biləcəyinə inamını bildirib: “Sevindirici haldır ki, hər iki klub mərhələ adlayaraq bizi sevindirir. Ötən oyunlardakı performans və göstərilən oyun ümid verir. Hesab edirəm ki, “qırmızı-ağlar” da, “bayquşlar” da rəqiblərini üstələyə bilərlər”.
V.Sadıqov Masazır təmsilçisinin Bolqarıstan klubu ilə ilk oyundan yaxşı nəticə ilə çıxacağını qeyd edib: “Mərhələ adladıqca rəqiblərin səviyyəsi artır. Valdas Dambrauskasın komandasını güclü tarixə malik Bolqarıstan komandası “Levski” sınağı gözləyir. Düşünürəm, bu rəqibə qarşı da inamlı təsir bağışlayacaqlar. Ümumiyyətlə, bir qədər geri dönsək, “Sabah” Sloveniyanın “Tsele” klubuna uduzaraq layiq olmadan Konfrans Liqasına düşdü. Bu turnirdə yola davam etmək üçün isə tam gücünü sərf edəcək. "Bayquşlar" Bolqarıstan komandasına qarşı son ana qədər mübarizə aparacaqlar”.
66 yaşlı mütəxəssis Elmar Baxşıyevin komandasından da gözləntilərini bölüşüb: “İlk dəfə avrokuboklara vəsiqə qazanan komanda, birinci dəfə mərhələ adlayan klub olaraq bizi yaxşı mənada təəccübləndirirlər. Ümid edirəm ki, Kipr “Omoniya”sına qarşı bundan da böyük ilkə imza atacaqlar. Nə qədər ağır olsa da, “Araz-Naxçıvan” “Omoniya”nı keçməyə qadirdir. İnanaq ki, “qırmızı-ağlar” ilkə imza atmaqla bizi sevindirəcək”.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” görüşü “Dalğa Arena”da saat 22:00-da, “Levski” - “Sabah” oyunu isə Sofiyada, “Georgi Asparuxov” stadionunda saat 22:00-da baş tutacaq.