
Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü ən çox izlənilən avrokubok oyunları siyahısına düşüb.
Sportnet.az xəbər verir ki, iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda baş tutmuş matça 30 086 nəfər tamaşa edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda isə "Hayduk" qələbə topunu vuraraq, mərhələ adlayıb.
"Hayduk"un III təsnifat mərhələsində Albaniyanın "Dinamo Siti" komandası ilə ev oyununa (3:1) isə daha çox - 31 652 nəfər baxıb.
Avropa Liqasında ən çox tamaşaçı II təsnifat mərhələsinin Türkiyənin İstanbul şəhərindəki "Türpaş" stadionunda "Beşiktaş" və Ukrayna "Şaxtyor"u ilə matçda (2:4) qeydə alınıb - 31 739.
Nəhayət, Çempionlar Liqasında III təsnifat mərhələsinin Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" stadionunda "Benfika" və Fransa "Nitsa"sı arasında oynanılmış qarşılaşması (2:0) 64 511 tamaşaçı izləyib.
Qeyd edək ki, statistika avrokubokların təsnifat mərhələlərində keçirilmiş oyunlar üçün aparılıb.