
Ukrayna milli polisi "Polesye" klubunun prezidenti Gennadi Butkeviçin pul vəsaitlərinə yiyələnmək məqsədilə törədilmiş külli miqdarda fırıldaqçılıq faktı üzrə cinayət işi açıb.
Sportnet.az-ın məlumatına görə, təhqiqatçılar 220 000 dollardan çox məbləğin ələ keçirilməsindən ötrü belə hərəkətə yol verildiyini müəyyənləşdiriblər.
Bu işlə Ukraynanın iki vətəndaşının əlaqəsinin olduğu üzə çıxıb. Adları açıqlanmayan həmin şəxslər Jitomir klubunda işləyiblər. Əlamətlərdən aydın olur ki, onlardan biri "Polesye"nin sabiq vitse-prezidenti Vladimir Teslyadır. Teslya fevralda klubdan qovulub. Məhkəmə onun əmlakının bir hissəni müsadirə edib. Həbs qoyulan əşyalar arasında müxtəlif kalibrli silahlar üçün 639 patron, 7 siqnal raketi, 3 tüstü fişəngi, 2 "iPhone" markalı telefon və Ukrayna Qarışıq Döyüş Sənəti Federasiyasının möhürü də var.
Bundan başqa hüquq-mühafizə orqanları Teclyanın evində 30 min dollar aşkarlayıblar. Lakin bu məbləğ həbs altına alınmayıb.
Qeyd edək ki, "Polesye" Konfrans Liqasının pley-off mərhələsində İtaliya "Fiorentina"sı ilə üz-üzə gələcək. Avqustun 21-də keçiriləcək ilk oyunu azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək.