
Azərbaycan Premyer Liqasında II turun "Şamaxı"ya qarşı səfər matçında "Sabah" komandasının futbolçuları arasında dava olub.
Sportnet.az-ın məlumatına görə, 25-ci dəqiqədə müdafiəçi İqor Noqeyra və hücumçu Coy Lens Mikels münaqişəyə giriblər.
Hətta Mikels Noqeyranın boğazından da yapışıb. İnsidenti tezliklə aradan qaldırmaq mümkün olub.
Lakin nə baş məşqçi Valdas Dambrauskas, nə də baş hakim Rəşad Əhmədov onlara qarşı tədbir görüb. Dambrauskas uzun müddət sakitləşmək bilməyən braziliyalı müdafiəçiyə özü yaxınlaşaraq, dilə tutmağa çalışıb. Noqeyra sonadək, Mikels isə 84-cü dəqiqəyədək meydanda olub.
Qeyd edək ki, qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:1. Komandanın hər iki qolunu Coy Lens Mikels 1-ci və 76-cı dəqiqədə vurub.