
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması U-19 komandasının da Gənclər Liqasında iştirakına şərait yaradıb. Bu isə o deməkdir ki, 2025/2026 mövsümündə UEFA Gənclər Liqasında Azərbaycanı təkcə çempion "Sabah"ın U-19-u təmsil etməyəcək. Bu komanda Çempionlar Yolunda mübarizə aparacaqsa, "Qarabağ" Liqa Yolunda qüvvəsini sınayacaq.
"Sabah" II raundda Fransa "Nant"ı ilə üz-üzə gələcəksə, "Qarabağ" əsas komandanın Liqa mərhələsindəki rəqiblərindən "Ayntraxt Frankfurt" (Almaniya) və "Liverpul" (İngiltərə) ilə oyun keçirməyəcək. Bu komanda ilk 6 turda "Benfika" (Portuqaliya), "Kopenhagen" (Danimarka), "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya) və "Ayaks" (Niderland) U-19-ları ilə görüşəcək.
"Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimov Sportnet.az-a müsahibəsində turnirin formatı və komandanın imkanları barədə danışıb:
- Bu mövsüm Azərbaycanı UEFA Gənclər Liqasında "Qarabağ" və "Sabah"ın U-19 komandaları təqdim edəcək. Öncə yarışın formatı barədə nə deyə bilərdiniz?
- UEFA Gənclər Liqası iki hissədən ibarətdir. Bir tərəfdə ölkə çempionları oynayır və onlar olimpiya sistemi ilə mübarizə aparırlar. İki oyunun nəticəsinə görə mərhələ keçən komanda növbəti mərhələdə iştirak edir. Digər tərəfdə isə Çempionlar Liqasına vəsiqə qazanan komandaların U-19-ları çıxış edir. Çempionlar Liqasının Liqa mərhələsində hər bir komanda 8 oyun keçirdiyi halda, Gənclər Liqasında 6 oyun olacaq. İlk 6 oyunun təqvimi də artıq məlumdur. U-19-lar 7-ci və 8-ci matçı oynamırlar. Hər bir komanda 6 oyun keçirir və həmin 6 oyunun nəticəsinə görə ən yüksək xal toplayan 22 komanda pley-off-a vəsiqə qazanır. Burada, bayaq qeyd etdiyimiz kimi, “Çempionlar Yolu” ilə “Liqa Yolu” birləşir və növbəti pley-off mərhələləri başlayır. Bəzi mərhələlərdə 1, bəzi mərhələlərdə isə 2 oyun keçirilir. Ən sonda isə İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında "dördlər finalı" keçirilir. Bu, adətən aprel ayında baş tutur. Azərbaycanı "Sabah" “Çempionlar yolu”nda, “Qarabağ” isə “Liqa Yolu”nda təmsil edəcək. "Sabah" ölkə çempionu olaraq çıxış edəcək.
- Komandalar hansı təvəllüdlü futbolçularla çıxış edəcəklər?
- Bu mövsüm 2007-ci il və daha sonrakı illərdə dünyaya gəlmiş futbolçular iştirak edə bilərlər. Sifariş vərəqəsinə 40 oyunçu daxil etmək olar. Onlardan 5-i 2006-cı il təvəllüdlü ola bilər, amma həmin 2006-cı il təvəllüdlülərin hər biri klubun öz yetirməsi, yəni minimum son iki ildə klubda çıxış etmiş futbolçu olmalıdır. Həmin 5 oyunçudan 3-ü matçın iştirak ərizəsinə – 20 nəfərlik protokola daxil edilə bilər. Bu 20 nəfərlik protokoldakı maraqlı məqamlardan biri də ondan ibarətdir ki, 20 nəfərin 14-ü klub yetirməsi hesab olunur. Yəni, minimum son 2 ili klubun akademiyasında yetişən futbolçu olmalıdır. Qalan 6 nəfər isə 2007-ci il və ya daha aşağı təvəllüdlü istənilən oyunçu ola bilər. Oyunlar isə əsas komanda ilə eyni gündə, amma erkən saatlarda keçirilməlidir. Yəni, günorta U-19-lar, axşam isə əsas komandalar.
- Sizcə, “Qarabağ”ın həm əsas, həm də U-19 komandasının avrokuboklarda iştirak etməsi Azərbaycan futbolu üçün hansı önəmi daşıyır?
- Hesab edirəm ki, “Qarabağ”ın əsas komandasının avrokuboklarda iştirak etməsi hazırda Azərbaycan futbolu üçün ən birinci qürur mənbəyi və Azərbaycan futbolunun simasıdır. Hər bir ölkənin futbolda bir neçə vizit kartı olur: hansısa qonşumuzun böyük klublarda çıxış edən futbolçuları olur, hansısa başqa bir ölkənin milli komandası uğurla çıxış edir. Hər ölkə futbolda bir cəhətdən irəli çıxmağı bacarır. Azərbaycan futbolunun da vizit kartı “Qarabağ”dır, “Qarabağ”ın avrokuboklarda çıxış etməsidir. Əsas komanda ilə yanaşı, bu il gənclər də çıxış edəcəklər. Bu, əlavə üstünlük, əlavə motivasiyadır. İnanıram ki, azərbaycanlı gənclərin özlərini inkişaf etdirmələri üçün bundan yaxşı yol, bundan yaxşı vasitə ola bilməz.
- Gənclər Liqasında çıxış “Qarabağ”ın akademiya futbolçularının inkişafına necə təsir göstərə bilər?
- Futbolçuların inkişafına bir neçə müsbət təsiri olacaq. Onlardan birincisi odur ki, tələblər yüksəldikcə biz də öz daxili tələblərimizi qaldırır, yanaşmamızı daha da dəyişib peşəkarlaşdırırıq. İkincisi odur ki, onlar yüksək rəqabət görəcəklər. Doğrudur, son iki ildə “Qarabağ” akademiyasının futbolçuları bütün yaş qruplarında beynəlxalq turnirlərdə çıxış etməyə, artıq o həyəcanı, o rəqabəti görməyə başlayıblar. Amma burada mübarizə ən yüksək səviyyədədir. Ona görə bundan daha yaxşı meydan ola bilməz ki, onlar bu beynəlxalq təcrübəni toplasınlar. Mən inanıram ki, buradan hansısa futbolçumuzun həm “Qarabağ”ın əsas komandasına, həm də hər hansı Avropa klubuna yolu açıla bilər.
- U-19 komandanızdan hansı nəticələr gözlənilə bilər və onların turnirdə uğurlu çıxışı üçün əsas amillər nələrdir?
- Heç bir proqnoz verə bilmirik. Bircə onu bilirik ki, rəqiblərimizin 6-sı Avropanın oturuşmuş klubları və xeyli inkişaf etmiş akademiyalarıdır. Onlardan bir neçəsində olmuşuq. Artıq “Qarabağ” vaxtilə "Çelsi"yə qarşı Çempionlar Liqasında oynayıb. Mən və akademiyamızın koordinatoru Aftandil Hacıyev müxtəlif səfərlərdə bu klubların akademiyaları ilə tanış olmuşuq, getmədiklərimiz barədə də şifahi məlumatımız var. Yəni, hər biri istər infrastruktur, istər kadr təminatı, istərsə də futbolçu keyfiyyəti baxımından bizi xeyli üstələyir. Amma futbol meydançada oynanır və nəticənin necə olacağını zaman göstərəcək. Nəticələrin yaxşı olması üçün biz öz addımlarımızı atır, futbolçularımızı daha yaxşı hazırlamaq, heyətimizi gücləndirmək üçün çalışırıq. Transfer pəncərəsinin bağlanmasına çox az vaxt qalıb, ona görə də bir az daha sürətli işləməyə çalışırıq ki, mümkün qədər heyətimizi gücləndirək.
Haşım MƏMMƏDOV