
Portuqaliyada "Benfika"ya qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçında "Qarabağ"ı 70-dək azərbaycanlı azarkeş dəstəkləyib.
Bu barədə Sportnet.az-a "İmarət Avropa"nın üzvü, Almaniyada yaşayan əslən ağdamlı fanat Eltun İbrahimov məlumat verib.
Onun sözlərinə görə, Lissabondakı "Da Luj" stadionunda onlara ayrılmış sektora biletləri ıTicket vasitəsilə 88 manata (44 avroya) əldə ediblər.
İbrahimov bildirib ki, 66 minədək tamaşaçı tutumuna malik arenada onlar "Qarabağ"a əllərindən gəldiyi qədər dəstək verməyə çalışıblar. 2017-ci ildən sevimli komandasının Avropadakı qarşılaşmalarını buraxmamağa çalışan azərbaycanlı fanat 44-cü dəqiqədə şəhidlərimizi yad etdiklərini də söyləyib.
O, qarşılaşmanın ardından yerli azarkeşlərin "Benfika"nı fitə basdıqları vaxt "Qarabağ" futbolçuları və rəhbərliyinin təşəkkür üçün doğma fanatlar olan sektora yaxınlaşdıqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.