
"Olduqca gərgin oyun keçdi. Ümumiyyətlə, mövsümün əvvəlinə baxmayaraq, bizim üçün hər bir oyun dinamik, sürətli və gərgin şəraitdə keçir".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, bu, çempionatın keyfiyyətinin artmasını göstərir və hamını sevindirir.
Lakin onun fikrincə, hər bir oyunda qələbə qazanmaq çətindir, rəqabətə hazır olmaq lazımdır: "Qələbə qazanmasaydıq belə, oyun bizim üçün pis keçmirdi. Çalşırdıq ki, rəqibin müdafiəsini yaraq. Bu, bir neçə epizodda alınsa da, ilk yarıda istifadə edə bilmədik. Qol buraxdıqdan sonra oyun bizim üçün çətinləşdi və gərginləşdi. Ən vacibi odur ki, komandadamızda tələskənlik yox idi. Tez və sürətli oynamağa çalışırdıq. Düşünürəm ki, hər bir məşqçini belə qələbələr sevindirər, qürurlandırar. "Şamaxı" kimi möhkəm komandaya son 10 dəqiqədə 2 qol vuraraq, oyunu çevirmək olduqca sevindiricidir. Futbolçularımı təbrik edir, hər birini bağrıma basıram.
Sadıqov bildirib ki, artıq bu gün qələbəni bayram edərək, sabahdan növbəti oyuna köklənmək lazımdır: "Gələn tur bizi "İmişli" ilə oyun gözləyir. Çempionatda bir oyunda uduzublar, o da "Turan Tovuz"la matçın 90+9-cu dəqiqədəsində qol buraxmaqla. Texniki məğlubiyyəti nəzərə almasaq, 4 oyundur ki, qələbə qazanırlar, qapılarından cəmi 1 top buraxıblar. Ona görə də bizi bu oyun çox qayğılandırır. Artıq sabahdan oyuna köklənəcəyik".
Qeyd edək ki, sentyabrın 26-da Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək "İmişli" - "Zirə" matçı saat 15:30-da başlanacaq.