
"Kəpəz"in baş məşqçisi Adil Şükürov səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- İlk növbədə, rəqibi qələbə təbrik edirəm. Onlar əllərinə düşən imkanların hamısını dəyərləndilər və layiqli qələbə qazandılar. Biz isə komanda olaraq, istədiklərimizi edə bilmirik. Bunun səbəblərini axtardıq, nə qədər danışdıq. Bir çox məsələlərdə futbolçularla ortaq məxrəcə gələ bilmir, məşqdə gördüklərimizi oyunda görə bilmirik. Bu barədə yenə danışacaq, söhbət edəcəyik. Sadəcə, görünən odur ki, komanda istədiklərimizi meydanda tam həyata keçirə bilmir. Bu da oyunların hamısında uduzmağımıza səbəb olur.
- Komanda meydanda istəklərinizi vermirsə, bunun iki səbəbi ola bilər: Ya peşəkarlıqları çatmır, ya da sizə "torba tikirlər"...
- Mən belə deməzdim. Özüm burada oynadığım dövrdə - 1999 - 2002-ci illərdə başımıza oyun gətirmişdilər. Vidadi Rzayev bu barədə çox danışıb. O vaxtlar "Şəmkir"lə oyundan əvvəl bizi zəhərləmişdilər. Yəni, "Kəpəz" mənim üçün bu dərəcədə əzizdir. Yəni, elə olub ki, bir ay reanimasiyada yatmışam, özümə gəlməmişəm. İndi kimsə nə isə deyəndə mənə təsir edir. Sanki mən bu komandanı sevmirəm, istəmirəm. Kim onu fikirləşirsə, çox böyük yanlışlığa yol verir, o adamların ümumiyyətlə, "Kəpəz"in tarixindən xəbərləri yoxdur. Bu gün gəlib düşüblər, bu gün danışırlar. O ki qaldı siz dediyiniz məsələlərə, mən inanmıram. Sadəcə, futbolçular bəzən kənardan hədsiz təzyiqlərə davam gətirə bilmirlər. Bəzi epizodlarda komandaya istək gəlir, oynayırlar, lakin istəklərimizi tam olaraq, sona çatdıra bilmirik. Məsələ budur. Problemi aradan qaldırmaq üçün rəhbərliklə danışaraq, nələrsə edəcəyik.
- Oyundan sonra nə baş verdi ki, azarkeşlərin üstünə getdiniz?
- Azarkeşlərin üstünə yürümədim. Bu barədə danışmaq istəmirdim, amma adama təsir edir. Özünü apara bilməyəndə, tərbiyəsizlik edəndə insana təsir edir. Heç kimə ixtiyar verməmişəm ki, fərdi olaraq, şəxsimə söz desin. Orada tərbiyəsizlik etdilər, tərbiyəsiz söz dedilər, onun cavabını verdim. Nə olursa-olsun, insanlar şəxsiyyətə toxunmamalıdırlar. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. O sözü kiminsə barəsində deyən adam əvvəlcə özü və yaxınları barədə fikirləşsin. Ola bilsin, biz ictimaiyyət arasında etikadan kənar sözlər danışmırıq. Amma bu, o demək deyil ki, kimlərsə etikadan kənara çıxmalıdır. Olmaz. Uşaq deyilik, 48 yaşımız var, həyatın hər üzünü görmüşük. Üstüörtülü danışmaq olmaz, belə məsələlərdə diqqətli olmaq lazımdır. İnsan nə isə deyirsə, o sözünə görə cavab verməlidir. Azarkeşdən soruşdum ki, sən məni harasa göndərirsən? O adam da "Mən başqa şey deyirdim" cavabını verdi. Sonluq olaraq da, "Mən "istefa" deyirdim" söylədi. Mən də bildirdim ki, bu, sənlik deyil, sənin başın üçün deyil.
- Ötən mövsüm də 5 oyundan sonra qələbə yox idi, indi də. Nə dəyişib?
- Fərq məsələsinin üstünə çox getmək istəmirəm. Komanda olaraq uduzmuşuqsa, təbii ki, səbəbkar Adil Şükürovdur. Buna heç kim heç nə deyə bilməz.
- Niyə mövsümün əvvəli “Kəpəz”də eyni proseslər yaşanır? Bu gün futbolçuların xaraktersizliyi görünürdü...
- Sualın cavabını özünüz verdiniz. Komanda tam özünü göstərmirsə, nəyisə düzgün etmirsə, bunu lazımsız təzyiqlərlə əlaqələndirirəm. Hər mövsümün əvvəlində belə halların baş verməsi mənə də maraqlıdır. Burada başqa maraqlar da ola bilərmi? Bilmirəm. Bəzən futbolçuların özləri inkişaf etməyi istəməlidirlər. Bir şeyə nail olaraq, orada dayanmaq qətiyyən olmaz. Bu halda insan özünü bitmiş sayır. Biz isə çalışırıq ki, nələrsə gətirək, əlavə edək, hazırlığımızı bir az da artıraq. Bəzən görürsünüz ki, bu, əksi olub. İnsanlar keçmişi unudursa, onların gələcəyi də olmur.
- Qaranlıqın sonunda işıq görürsünüz?
- Çətin sualdır. Cavabım yoxdur.
- Lazımsız təzyiq deyəndə nəyi nəzərdə tutursunuz?
- Zatən işimiz təzyiq altında işləməkdir. Gəncə kimi yerdə təzyiqsiz çalışmaq mümkün deyil. Çünki “Kəpəz” Azərbaycanın ən qədim komandalarından biridir. Mən bunu həmişə demişəm. Bu komanda həmişə yüksəklərdə olub, zirvə uğrunda mübarizə aparıb. Bunu hamımız başa düşürük. Bəzən nəyi səhv salırlar? Əvvəllər daha çox yerlilərin oynadığı çempionatda çıxış edirdik, bu gün isə çempionatın formatı dəyişib. Daha çox futbolçular xaricdən gəlmələrdir. Onlara "Kəpəz"in vaxtilə digər komandaların Gəncəyə çəkinə-çəkinə getdiyi qüdrəyə sahib klub olub. Amma bu gün bunu aşılamaq çətindir. Futbolçuları komandaya gətirmək belə, çətindir. Çünki bütün sosial şəbəkələr dayanmır, davamlı narazılıqlar hökm sürür. Kimlərsə videolar paylaşır, kimlərsə nədənsə danışır. Amma bir şeyi anlamaq lazımdır ki, bu komandanı bütün Gəncə formalaşdırır. Gəncə bunu etmək, addım atmaq istəmirsə, kənardan kiminsə müdaxiləsi həddindən artıq çətindir. Biz olsaq da, olmasaq da, "Kəpəz"in həqiqi azarkeşlərinin varlığını, onların komandaya dəstək olmalarını istəyirəm. Bu halda “Kəpəz” əvvəlki "Kəpəz" olacaq. "Kəpəz" bundan da pis vəziyyətdə olub. Amma həmişə dəstək hesabına özünü doğruldub və müəyyən yerə gəlib çatıb. Lakin bu gün "Kəpəz" deyənlərin bəzilərinin “Kəpəz” yox, başqa fikirləri var. Onlar imkan vermirlər ki, komanda inkişaf etsin.
- Heyətin neçə faizini siz yığmısınız?
- Gəlin, o şeylərə getməyək. Deyirlər ki, hər şeyə cavabdeh Adil Şükürovdur. Bəli, cavabdeh Adil Şükürovdur. Üzdə olan şəxs mənəm. Bitdi.
- Azər Bağırov göz yaşları ilə getmişdi. Ondan halallıq almışdınız?
- CBC Sport-da bir verilişə baxdım. Adil müəllim dedi ki, "Kəpəz" "Qəbələ"yə uduzsa, dəyişiklik olacaq. Mən istərdim ki, heç kəs hara və necə gəldiyini unutmasın.
- Getmək ehtimalınız neçə faizdir?
- Deyərdim ki, artıq realdır. Yəqin ki, hər kəslə sağollaşıb-halallaşacağıq. İstəyirik ki, sabah üz-üzə gələndə insanların gözlərinin içinə dik baxa bilək. İki nəfərin arasındakı məsələ kənara çıxmamalıdır. Rəhbərlik həqiqətən də istəyirdi ki, "Kəpəz" adına nələrsə olsun. Sadəcə... Nə isə. Bu qədər.