
"Futbolçularıma yaxşı oyuna görə həddindən artıq təşəkkür edirəm. Bundan əvvəl “Sabah”, “Turan Tovuz”a qarşı da yaxşı oynamışdıq. Onun üstünə qoyaraq, meydanda udmaq istəyən komanda gördük".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, qələbə istəkləri səbəbsiz deyil: "Özünüz bilirsiz ki, “Neftçi” hansı kalibrda olan komandadır. Böyük komandadır. Heç-heçə belə, bu komanda üçün uğursuz sayılır. Nə qədər izah etsən də ki, yeni komandayıq. Reallıq budur. Məndən əvvəl də belə olub, mənim dövrümdə də belə olacaq, bundan sonra da belə olacaq. Qaçılmazdır. Reallıq komandanın göstərdiyi oyundur. Birinci gündən nəticələr gözləntiləri vermirdi".
Abasov Türkiyənin "Qalatasaray" komandasının Almaniyada "Ayntraxt"a 1:5 hesabı ilə uduzduğu Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur oyunundan misal çəkib: "Bu oyundan sonra maraqlı gəldi ki, baş məşqçi Okan Buruk nələr deyəcək? Buruk nəyin üzərində dayandı? Baş məşqçi mətbuat konfransında nələrsə danışırsa, dərhal reaksiya vermək, yazmaq normaldır. Amma siz bizim yanımızda deyilsiniz, prosesləri bilməməyiniz mümkündür. Qısası, sizlik deyil də. Bizimlə deyilsiniz. Hərdən çox şeyi demirik. Okan Buruk vurğuladığı məsələlərdən biri o idi ki, oyuna 4 yeni futbolçu ilə çıxmışdıq. Yenilərdən biri İlkay Gündoğan top səviyyədə oyunçudur. Hətta onun özü də problem kimi göstərildi".
Baş məşqçi ilk qələbəni klub rəhbərliyinə həsr etdiyini bildirib: "Biz də yeni komandayıq. 14-15 yeni futbolçumuz var. Bilirik ki, kimlərsə nə isə deyəcək. Xal itirirsən, təzyiq gəlir. Səni istəməyənlər, “Neftçi”ni istəməyənlər... Hamıdan təzyiq gəlir. Futbolçular da bunu görür. Amma onları bu durumdan çıxarmaq, qələbəyə kökləmək tək mənim işim deyil. Bunun arxasında duran rəhbərliyimizdir. İlk gündən şəxsən mənim arxamdadırlar, bu vaxta qədər görmədiyim bir şeydir. Arxamızda o qədər durublar ki... Qalibiyyət üçün nə lazımdırsa, hətta artığını edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdir. Şəxsən mən və komandam bu qələbəni rəhbərliyə həsr edirəm. Var olsunlar. Yeni qələbələr üçün təkan olar".
- Əvəzetmələr həlledici oldu, hər iki oyunçu qol vurdu. Öncədən planlaşdırılmış əvəzetmələr idi, yoxsa gedişatda verilən qərarlar oldu?
- Hansısa baş məşqçi deyirsə ki, bu futbolçunu öncədən düşünərək meydana buraxdım, yalandır. Hardan bilək ki, o, qol vuracaq? Sadəcə, görürsən kimsə oyundan düşür, onun yerinə başqasını meydana buraxırsan. Onun qol vuracağını bilmirdim.
- Ağadadaş Salyanskini növbəti matçlarda da şans ala bilər?
- Sözsüz ki, hamısı şans alacaq. Uzun müddət oynamayanlar da oynayacaq.
- Bəzən deyirlər ki, belə komandalara bir qalibiyyət çox kömək edir. Növbəti oyunlarda bu qələbənin nə dərəcədə əhəmiyyəti olacaq?
- Dəhşətli dərəcədə əhəmiyyətlidir. Bu gün biz o qədər xoşbəxtik ki, sanki çiynimizdən yük atmış olduq. Buna çox ehtiyacımız var idi. Qol vurmurduq, alınmırdı, son nöqtədə ötürmələr alınmırdı. Bu gün də elə oldu. Penalti epizoduna da qayıtmaq lazımdır. Orada penalti gördük. Heç-heçə də ola bilərdi. Dəfələrlə dediyim bir şey var. Məncə, bunun üzərində dayanmalıyıq. Biz rəqibə epizod vermirik. Neçə oyundur ki, belədir. Keçənilki vəziyyəti müqayisə edirsən, hər epizodda qapına qol vurulurdu... Futbolçular ən azından bunu düzəldə biliblər. Yeni oyunçularla, daha kollektiv şəkildə oynayırıq, ürəklərini meydanda qoyurlar. Bu da nəticəsidir. Bunların sonunda hamısını nəticəyə çevirsək, həqiqətən yaxşı komandayıq.
- Okan Buruk 1:5 hesabı ilə uduzduqları oyundan sonra söz verdi ki, ən azından pley-offa düşəcəyik. Siz bu qələbədən sonra azarkeşlərə nə söz verirsiz?
- Bu dəqiqə heç nə söz verməyəcəm. Biz hər oyuna qələbə üçün çıxacağıq. Sözüm bu olacaq.
- İkinci qoldan sonra emosiyanızı gördük. Sanki 4 turdan sonra qalan emosiyanın partlayışı idi. Sessi Almeydanın penalti epizodu haqqında fikriniz necədir? Xal itirmiş olsaydınız, o epizodla bağlı nə deyəcəkdiniz?
- Bunu qəsdən edilənə çevirmək də olmur. Amma bir komandanın üzərində həddindən çox bu cür, əleyhinə olan epizodlar varsa, adamın özündə də şübhə yaranır. Mən də fikirləşirəm ki, penaltidir. Əminəm ki, nəticədə çoxunun rəyi o olacaq ki, penalti deyil. Bu, “Neftçi”dir, ona görə belə olacaq. Hər oyunda bəlkə də oyunun nəticəsinə təsir edən epizodlar var. Hamısından şikayət edə bilərik. Bəlkə də, udmuşuq deyə, sakitik. Amma bir az diqqətli olmaq lazımdır. Oyun pis axara gəlib çıxırdı. Epizodları vura bilmirdik. Bəlkə də penaltiyə ehtiyacımız olardı ki, vuraq və udaq. Bunu da olan yerdə əlimizdən alırsa, əlbəttə ki, səs-küy qaldırmalıyıq. Komandamızın adından xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar. Bu, həddindən artıqdır.