
Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etməyimdən çox məmnunam. Azərbaycanda bir sıra sahələrə investisiya yatırılır. Futbol perspektivli sahədir. Bu sahəyə investisiya qoyulmağını da çox istərdik.
Sportnet.az xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
O bildirib ki, hər bir idmançı çempion olmağı arzulayır, bu adı almaq üçün futbolçu daha çox çalışır: "Bu, daim müzakirə olunur ki, futbolçu olmadan da məşqçi olmaq olar. Bəli, bu nadir hallarda olur, amma, doğrusu, məncə, elə futbolçu olub, sonra yaxşı məşqçi olmaqdır. Peşəkər futbol oynadığım vaxtlarda futbolçu psixologiyasını daha dərindən öyrənməyə başladım. Özüm bəlkə də bir az kaprizli futbolçu olmuşam, amma işgüzar idim. Düşünmüşəm ki, digərlərdən fərqli olmalıyam və daha çox çalışmalıyam ki, uğurlu futbolçu olum. Bəzi futbolçularda məşqçi olaraq bunu görməyə başlamışam və görmüşəm ki, uğurun açarı daha çox çalışmaqdadır. Bəzi futbolçuların məndən xoşu gəlmir, çünki onlardan daha çox tələb edirəm, onları daha çox işlədirəm və hətta məşqdən əlavə və ya məşqdən sonra, yaxud məşqə kimi onlarla yarım saat, bir saat çalışmağa başlayıram. Ola bilər ki, futbolçu olmayıb məşqçi olanlar da bunları hiss etməsinlər və futbolçunun narazılığını düzgün anlamasınlar”.
“2009-cu ildə "Qarabağ"ın ilk Avroliqada oynadığı oyun Norveç klubuna qarşı idi. Həmin gün oyun Ağdamın işğal gününə təsadüf edirdi. Mənim Qarabağda ilk həyəcanlı oyunum idi. Həmin gün stadionda 32 min azarkeş var idi. Hər kəs qalib gəlməyimizi çox istəyirdi. Yanılmıram, onların duası idi ki, biz 1:0 qalib gəldik. O oyunun sevinci məndə daha çox idi, nəinki "Benfika" ilə oyunda. Həmin ili ən uğurlu ilim adlandırardım. Baxmayaraq ki, daha uğurlu oyunlarımız olan illər olub. Hər bir uğurun açarı stabillikdir. Mənim futbolçulardan və özümdən hər zaman bir tələbim olub. Bizdən əlavə uğur istəyirlər”, - deyə tanınmış baş məşqçi bildirib (AzerTAc).