
"Çox möhtəşəm və gərgin oyun idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl evdə Danimarka "Kopenhagen"inə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçından sonra deyib.
Onun sözlərinə görə, ilk yarıda Ağdam komandası daha üstün çıxış edib, qol vurduqdan sonra daha çox müdafiə futbolu sərgiləyib.
T.Gözəl ikinci qolu möhtəşəm əks-hücumla vurduqlarını xatırladıb.
Klub rəhbərinin fikrincə, bu oyun bütün Avropa və dünyaya Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı ilk tur qələbəsinin təsadüfi olmadığını göstərib: "Artıq "Qarabağ" Avropanın ən nəhəng klubları ilə möhtəşəm oyunu sayəsində, iradəsi, şücaəti ilə çıxış edən regionun yeganə klubudur və tarix yazır. Avropaya ardıcıl 12 dəfə gedə klub yoxdur, tək "Qarabağ" var. Bunun üçün də biz artıq 6-cı pillədəyik. "Liverpul"lar arxamızdadır. Bir möcüzə, möhtəşəm bir zəfər yaşayırıq. Əlbəttə, bunu xalqımıza yaşada bildiyimizə görə özümüzü çox xoşbəxt və qürurlu hesab edirik".
"Qarabağ"ın prezidenti Liqa mərhələsində ilk "24-lüy"ə düşməyə ciddi şanslarının olduğunu vurğulayıb: "Bir-iki heç-heçəmiz, daha bir qələbəmiz olsa, niyə də yox?! "Qarabağ" 12-ci dəfədir bura gəlir, lazımi qədər təcrübəmiz var. Heç kim deyə bilməz ki, siz bura təsadüfi gəlmisiniz. Əsla! Biz qapıları döymüşük. "Qarabağ" bir dastan yazır. Belə davam edərsə, ilk "24-lüy"ə düşəcəyik".