
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 53 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Azər Bağırova uğurlar arzulayıram. Çox məsuliyyətli işin altına girib. İlk oyununda göründü ki, meydanda tam başa kollektiv var. "Kəpəz"ə qarşı oynamaq bütün rəqiblər üçün heç də yaxşı olmayacaq. Futbolçuları təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun keyfiyyəti bir az aşağı idi. Özümüzünkü olsa da, meydança amili hər iki komandaya çox böyük təsir edirdi. Sanki oyunun tempi aşağı düşür, matç çox dayandırdı. Daha istəkli olmalı idik. Üç gün əvvəl "Kopenhagen"lə matçda meydanda olan futbolçulardan heç biri əsas heyətdə oynamırdı. Hər halda, daha istəkli olmaq lazım idi. Görünür ki, həmin oyunun atmosferi hələ tam getməyib. Lakin sonadək dözdülər və qələbə üçün hər şeyi etdilər. Bu gün 3 xal çox vacib idi. Azarkeşlərə təşəkkür edirəm.
- Oyunun tempinin aşağı olması komandanın yorğunluğu ilə bağlı ola bilər? Milli fasilədə futbolçulara neçə gün istirahət verəcəksiz?
- Yorğunluq ola bilər. Amma oynamayan futbolçular ritmdən uzaq olurlar. Daha çox bu çatışmazlıq ola bilər. Bayaq qeyd etdiyim kimi meydança amili var idi. Topun yerlə getməsinə mane olurdu. Son vaxtlar meydança çox yüklənib. Həm "Turan Tovuz" ev oyunlarını burada keçirir, həm də U-19 komandamız UEFA Gənclər Liqasında burada oynadı. Eləcə də məşqlərdə meydanın durumu yaxşı olmurdu. Növbəti matçlarda daha yaxşı olacaq. Baş hakim də oynamağa daha çox icazə versəydi, yaxşı olardı. Avropadakı oyunun sürəti ilə buradakının arasında çox böyük fərq var. Futbolçulara 4 gün istirahət verəcəyik.
- Hazırda yaxşı formada olan "Qarabağ"a milli fasilə necə təsir edəcək?
- Demək çətindir. Bizdə bəzən kollektiv şəkildə istirahət çox vacib olur. Düzgün bərpanın, istirahətin komandaya faydası çox olur. Millinin oyunçuları ilə bağlı bir az problemlərimiz olacaq. Həm fiziki, həm psixoloji yorğunluq olur. Fikirləşəcəklər ki, komanda yoldaşlarım istirahət edir, mən isə yenə məşq edirəm. Fiziki yorğunluğu necəsə aradan qaldırırıq, bəzən bir oyunu qurban veririk. Məni həmişə ən çox narahat edən psixoloji yorğunluq olub. Proqram bütün komandalar üçün eynidir. Rəqiblərimizin oyunçuları da milli komandalara gedəcəklər. Bəlkə də fasilənin bizim üçün faydası var. İstər-istəməz biz belə tempə az öyrəşmişik. 2-3 oyunu bu tempdə oynasaq, futbolçularımız fiziki cəhətdən çatdırmaya bilərlər.
- Kamilo Duranı transfer edəndə onu əsas hücumçu kimi düşünmüşdünüz?
- Oyunçunun potensialını görmüşdük. Həm solda, həm sağda, həm də hücumda oynamaq qabiliyyəti var. Nəriman Axundzadə də həmçinin. Belə potensiallı futbolçular bəzən komandaya eksperiment və rotasiya baxımından əlavə fayda verir. Amma Nərimana zədədən sonra geri qayıtmağa vaxt lazım idi. Bu gün də 90 dəqiqə oynatmağa ehtiyatlanırdım. Oyun tempinə görə sonadək meydanda saxladım. Danışıqlar apardığımız hücumçuları əldə edə bilməyəndə bu cür oyunçular bizə faydalı olur.
- "Qarabağ"da oynamış legionerlərdən hansını indi Çempionlar Liqasında iştirak edən komandada görmək istəyərdiz?
- Belə düşüncəm olsa da, faydası yoxdur. Real baxmaq lazımdır. Amma inanın ki, hamısını istəyərəm. Hərəsinin öz yeri var. Həm oyunçu, həm də insan kimi özəllikləri var idi. Onların hamısı ilə uğurlar qazanmışıq. Hərəsi öz dövrünün qaymaqları idi. Bu gün də yanımda olsalar, sevinərəm. Amma əfsuslar olsun...
- İndidən "Atletik"i təhlil etməyə başlamısız?
- Hələ yox. Bir neçə gün istirahət edib daha yaxından təhlil etməyə başlayacağıq.