
"Rəqibi tam analiz etməmişəm, amma məlumatlanmışam, oyunlarına baxmışam".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyada "Atletik"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçı barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis artıq bundan sonra bütün detallara ayrı-ayrılıqda diqqət ayıracağını bildirib. O, Bilbaoda fərqli oyun üslubu seçməyəcəklərini söyləyib: "İllərdir nə etmişiksə, yenə onu etməyə çalışacağıq. Çünki bunu biz daha yaxşı edə bilirik. Yeni nə isə əlavə etsək, bir az fərqli olar. Amma oyunun gedişatında və ya bəzi rəqiblərə qarşı elə detallar var ki, bəlkə siz onları kənardan hiss etmirsiniz, futbolçularımız onları yerinə yetirirlər. Çünki istənilən komandanın özəlliyi, öz "kozır"ı var. Qarşısını almaq üçün mütləq diqqətli olmalıyıq. Statistikaya əsasən, "Atletik" ən dinamik oyun sərgiləyən komandalardan biri, hətta birincisidir. Eyni zamanda, öz oyunumuzu daha da yaxşılaşdırmağa, rəqibin oyun üslubunun qarşısını almağa çalışacağıq. Rəqibin bizə bunu etməyə nə qədər imkan verəcəyini oyunda hiss edib-görəcəyik".
Baş məşqçi "Turan Tovuz"a qarşı oyunun sonlarında meydana çıxmış Marko Yankoviçin İspaniyada start heyətində meydana çıxma şanslarını belə dəyərləndirib: "Qarşıda bir neçə gün vaxtımız var. Sabah da məşqimiz olacaq. Vəziyyətinə baxacağıq. Açığı, bu gün daha çox oynatmaq istəyirdim. Ən azı, yarım saat meydanda olmasını istəyirdim. Lakin oyun daha çox mübarizə üslubunda getdiyindən, bir qədər ehtiyatlandım. Meydança da sürüşkən idi. Ona görə də oyuna gec buraxdım. Amma qarşıdakı günlərdə durumuna baxacaq və oyunadək lazımi qərarı verəcəyik".