
"Qarabağ"ın futbolçusu Leandro Andrade "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra brifinq keçirib.
Sportnet.az-ın məlumatına görə, kabo verdeli yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib, daha sonra İspaniyada "Atletik Bilbao"ya qarşı keçirəcəkləri Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçı barədə fikirlərini bölüşüb:
– Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Rəqibimiz yaxşı komandadır, bunu turnir cədvəlində bizdən yuxarıda olmaları da açıq şəkildə göstərir. Əslində, bu, bizim üçün İspaniyada "Atletik Bilbao"ya qarşı keçirəcəyimiz oyundan öncə yaxşı bir test oldu. Belə çətin rəqiblə qarşılaşmaq növbəti oyun öncəsi bizim üçün yaxşı sınaq idi. Sevinirəm ki, bu oyunu qələbə ilə başa vurduq.
- Birinci hissədən sonra fasilədə Qurban Qurbanov sizə hansı təlimatları verdi?
– Əslində, bu təlimatları burada açıqlamağın nə dərəcədə doğru olduğunu bilmirəm, çünki onlar bizə aiddir və paltardəyişmə otağında qalmalıdır. Sadəcə, bizə bəzi normal şeyləri xatırlatdı. Bunlar bizə məxsus hücumlar və taktiki gedişlərdən ibarət idi. Meydanda davranışlarımızı dəyişməli idik və bunu da etdik.
- "Atletik"lə görüşdən gözləntiləriniz nələrdir?
– Bilbao komandası haqqında əlavə fikir bildirməyə ehtiyac yoxdur. Çünki onların gücü, səviyyəsi və necə keyfiyyəti futbolçulara malik olmaları heç kimə sirr deyil. Bizi növbəti çətin oyun gözləyəcək. Sadəcə, əvvəlki oyunlarda olduğu kimi meydana çıxıb matçdan zövq almağa çalışacağıq. Möhtəşəm atmosferi olan bir stadionda oynayacağıq və özümüzə məxsus oyunu göstərməliyik.
- Portuqaliyada "Benfika" ilə matçda fərqlənə bildiniz, İspaniyada da qol vurmaq istərdinizmi?
– Təbii ki, qol vurmaq istəyirəm. Kim istəməz ki, komandasına kömək etsin? Amma vuracağam, ya yox – bunu bir Allah bilir.
- Kabo Verde millisi dünya çempionatına vəsiqə qazandı. Deyilənə görə, siz millidən imtina etmisiniz. Dəvət gəlsə, gedərsinizmi?
– Bəli, imtina etmişəm. Bu, elə bir məsələdir ki, bu barədə hələ düşünməmişəm. Ona görə də hazırda bu mövzuda şərh verə bilmərəm.
Aliya ƏLƏSGƏROVA