"Yaxşı dinamik və mübarizəli oyuna şahidlik etdik. Hər iki komanda meydanda bir-birinə rəng qatırdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandasının çıxışından razılıq ifadə edib: "İlk gündən komandamız əzmkarlığı və öz oyun dəst-xətti ilə meydanda istədiklərimi yerinə yetirməyə çalışır. Bir xal qazandıq. Rəqibi də vurğulamaq lazımdır - yaxşı iddialı komandadır. Ona görə də bugünkü bir xala da sevinmək lazımdır".
O, uzatma dəqiqələrində vurduqları bərabərlik qoluna hədsiz sevinmələrini təbii hal adlandırıb: Tək bizi yox, hər bir komandanı götürsəniz, oyunun uzatma dəqiqələrində qol vurduqda emosiyasını çıxarmaq məcburiyyətindədir. Kim sakit dayanacaqsa, deməli, öz komandasına qarşı səmimi deyil. Bu, futbolun içində olan emosiyadır. Amma yenə də komandam xarakter göstərdi, sonadək əzmindən dözmədi. Futbolçularımı təbrik edirəm. Düşünürəm ki, oyun planında hələ daha da yaxşı ola bilərik".
Baxşıyev "Sabah"ı rəqibin ev oyunlarını keçirdiyi "Bank Respublika Arena"da qəbul etmələrinin səbəbini də açıqlayıb: "Əlbəttə, rəqib meydançasında ev yiyəsi kimi oynamağı heç bir baş məşqçi arzulamaz. Amma bu meydança da bizim üçün səfər deyil. İndiki durumda Bakıda məskunlaşmışıq. Ona görə burada keçirilən oyunlar o qədər də ev-səfər əhəmiyyəti daşımır. Qərarı normal qarşıladıq. Düşünürəm ki, meydança hamı üçün eynidir. Əfsuslar olsun ki, səfəri hiss edəcəyimiz aura bizim çempionatda yoxdur. Komanda olaraq, oyuna hazır idik. Ona görə də düşünürəm ki, burada ev sahibi kimi oynamaq bizə təsir etmədi".
Baş məşqçi hakimlikdən də danışıb: "Əlbəttə, istərdim ki, bu cür oyun və tempin qarşılığında hansısa epizoda 2-3 dəqiqə baxmayaq. Referi qərarı dərhal versə, daha məqsədəuyğundur. Ona görə ki, futbolçular da həmin tempə çatmaq üçün bir iş ortaya qoyurlar. Bir epizoda 3-5 dəqiqə baxılanda həmin nəbz də, stres də düşür. Onu qaldırmaq üçün yenidən 3-5 dəqiqə vaxt lazım olur. Yenə də baş hakimin üzərinə getmək istəməzdim. Çalışırıq ki, onların ədalətinə inanaq. Görünən odur ki, bizə bir az fərqli yanaşırlar. Bizə daha çox təzyiq edən rəqib yox, başqa amillərdir. Amma düşünürəm ki, komanda olaraq, daha da güclü, daha da iddialı olmalıyıq ki, qarşımızda heç bir maneə olmasın".
"Araz-Naxçıvan"ın baş məşqçisi rəqib həmkarı Valdas Damrauskasın hakimlikdən narazılığına da reaksiya verib: "Həmkarımdır, öz fikrini bildirib. Onun fikirlərinə yox, ümumi cavab vermək istəyirəm. Komandaların adlarını çəkməyəcəyəm, görünən odur ki, 2-3 komandanın danışığına, iddiasına uyğun həmin o açıqlamaları göstərirlər. Biz də danışa bilərik. "Neftçi" ilə ötən tur matçında qapımıza vurulan qolda ofsayd olmadığını nə siz, nə mən, nə də futbol ictimaiyyəti gördü. Amma qərar o oldu ki, ofsayd yoxdur və qol təmizdir. Oyundan sonra heç bir söz də danışmadıq. Ona görə ki, biz də komandanı bir qırağa qoyub, yalnız hakimlərə yüklənsək, çox da düzgün olmaz. Mən də cavab olaraq deyim ki, "Sabah"ın lehinə olan penalti absurddur. Üstəlik, matçın sonlarında Stiv Solvet ikinci sarıdan qırmızı vərəqə alaraq, meydandan qovulmalı idi. Bunlara da göz yumdular. Ona görə də düşünürəm ki, hakimlik barədə az danışılsa, komandaların özlərinə də faydalı olar".






































































