"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tut matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, 43 yaşlı mütəxəssis jurnalistlərin suallarına keçməzdən öncə oyunu dəyərləndirib:
- Oyundan öncə bilirdik ki, çox yaxşı formalaşmış və uğurlu çıxış edən, 14 xal toplamış komandaya qarşı oynayacağıq. Oyuna çox yaxşı başladıq, birinci hissə üstünlüyümüzlə keçdi və hesabda fərqlənərək 1:0 öndə idik. İkinci hissədə rəqibin daha böyük qüvvə ilə irəli atılacağı bəlli idi, elə də oldu. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib ikinci qolu vura bilsəydik, oyun daha rahat keçərdi. Amma vura bilmədikcə və boşluqlardan istifadə etmədikcə, rəqib daha böyük qüvvə ilə irəli gəlirdi. Bu dəqiqələrdə futbolçularımız yaxşı xarakter nümayiş etdirdilər, rəqibə fərqlənməyə imkan vermədilər və bizim üçün olduqca vacib 3 xal qazandıq. Bu münasibətlə futbolçularımı təbrik edirəm.
– Rauf Cabbarovun bugünkü idarəçiliyi xoşunuza gəldi?
– Bəlkə də bu, elə birinci oyundu ki, sakit keçdi. Hər iki komandadan etiraz olmadı, oyunla bağlı yaxşı idarəçilik göstərdi bu gün.
– 2018-ci ildə siz U-21 komandasını çalışdırırdınız, o vaxt Premyer Liqa klublarının yerli gənclərə şans verməməsindən narazı idiniz. İndi artıq 6-cı ildir buradasınız, Cəlal Hüseynovdan başqa elə bir futbolçu görmürük. İndi U-21-də çalışan baş məşqçinin Rəşad Sadıqovu qınamağa haqqı var?
– Dövr fərqli idi, zaman fərqli idi. 2017/2018 mövsümünün çempionatı ilə klubların seleksiyasının indiki vəziyyəti arasında çox fərq var. Və imkan yarandığı təqdirdə biz də gənclərə şans verəcəyik. Hazırda elə bir imkanımız yoxdur ki, perspektivli futbolçuları komandamıza cəlb edək və aşağı yaş qruplarından saxlayaraq komandamızda formalaşdıraq. Artıq iddialı akademiyaları olan klublarımız var və bu baxımdan onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlal Hüseynovu oynatdıq və düşünürəm ki, onu Azərbaycan futboluna qazandırdıq. İmkan düşdükcə yerli futbolçulara şans verən məşqçilərdənəm. Amma bu gün elə bir gənc futbolçumuz yoxdur ki, bu rəqabətə tab gətirsin. Hazırda 17 yaşlı Əhliman var, artıq onu əsas komandaya cəlb edirik. Düşünürəm ki, ən azı 1–2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə isə hələ ki, oyunlarda iştirak edəcək potensial görmürəm. 3–4 futbolçu var ki, bizimlə məşqlərdə iştirak edir, amma hələ oyun səviyyəsində deyillər, bir az da bərkiməlidirlər.
– Göndərdiyiniz futbolçu Vinsent Tillin zədəli olduğunu bilirdiniz, bu aydın məsələ idi. Niyə gəldi, niyə getdi? Yəni toparlana bilməyəcəkdimi?
– Futbolçunun təbii olaraq gəlməsinin bir səbəbi var idi — komandamızı gücləndirmək. Onun dizindən aldığı zədə bizi narahat edirdi, amma yoxladıq, dizində heç bir problem yox idi. Daha sonra başqa bir zədə aldı, həmin zədə bir neçə dəfə təkrarlandı. Artıq 4 ay idi ki, cəmi bir məşqdə komandayla tam məşq etmişdi və o məşqdən sonra yenə zədələndi, ağrıları olurdu. Özümüz də onunla oturub söhbət etdik, düşündük ki, ona uzunmüddətli müalicə lazımdır. Daha yaxşı olardı ki, ya öz ölkəsində, ya da Avropada bərpa prosesi keçsin, sonra hansısa komandada oyun praktikasını bərpa etsin. Tam sağaldıqdan sonra isə daha intensiv bir çempionatda oynasın. Amma ola bilər ki, gələcəkdə onunla futbolçu kimi yenidən qarşılaşım, çünki mən onu futbolçu kimi çox bəyənirəm. Sadəcə, onun zədələnməsi bizim üçün də böyük itki oldu. Amma düşünürəm ki, hər iki tərəf üçün doğru qərar idi.
– Bu gün Aydın Bayramovun qapıya qoyulmasında nə rol oynadı? Milli komanda amili oldumu, yoxsa 0:3 hesabından sonra qapıda dəyişiklik etmək qərarına gəlmişdiniz?
– Yox, 0:3 hesabında Tiaqo Silvanın elə bir səhvi yox idi, hətta seyvlərlə yadda qalmışdı. Bu qərar “Sabah”la oyundan öncə verilmişdi. Silva ilə aramızda söhbət olmuşdu ki, bu iki oyunda – həm “Sumqayıt”, həm də “Kəpəz”ə qarşı – Aydına şans verəcəyəm. Ondan sonra millidən öncə “Turan”la oyunumuz var, artıq onda vəziyyətə baxıb qərar verəcəyik. Bu iki oyunda Aydına şans vermək istədik. Aydın bizim üçün dəyərlidir. Keçən il də qeyd edirdim ki, Silva 1 nömrəli qapıçımız idi, amma limit faktoru da rol oynayırdı. İndi bilirik ki, millidə Aydının debüt etmək şansı var, məşqçilər də yəqin ki, yerli qapıçıları izləyəcəklər. Onun komandadakı xidmətlərini nəzərə alaraq bu oyunlarda ona şans verdik ki, rəqabətdə üstünlük qazanmaq imkanı olsun.
– Türkiyə karyeranızda İliçlə qarşılaşmısınızmı?
– Xeyr, mənim dövrümdən sonra olub, qarşılaşmamışıq.
– Eldar Quliyevlə bağlı fikirləriniz necədir?
– Eldar Quliyevin ümumi çıxışından çox razıyam. Onunla birlikdə ilk ilimiz uğursuz oldu, mövsümü 5-ci pillədə başa vurduq. İkinci il komanda daha uğurlu çıxış etdi, iki mövsüm ardıcıl ikinci yeri tutduq və bu uğurlarda Eldar Quliyevin böyük əməyi oldu. Sadəcə, bir az uğursuzluq yaşadı – keçən il sona 3–4 tur qalmış zədələndi, sonra qayıtdı, təlim-məşq toplanışında yenidən zədələndi. Belə baxanda, təxminən 3–4 ay normal məşq edə bilmədi. İndi isə yavaş-yavaş başlamışıq ona şans verməyə. Düşünürəm ki, yaxın gələcəkdə daha çox oyunlarda iştirak edəcək. Bu dövrdə az oynamasının səbəbi də məhz bununla bağlıdır.







































































