"Qələbə münasibətilə azarkeşlərimizi və rəhbərliyimizi təbrik etmək istəyirəm. Çox çətin oyun alındı. Döyüşkən komandaya qarşı oynadıq. Sürətli futbolçulara sahib kollektivlə oynamaq bizim üçün çətin oldu. İlk hissədə çox təhlükəli vəziyyətlər yaratdılar. Çalışırdıq ki, rəqibi qapımızdan daha uzaq saxlayaq. Çox şadam ki, bu oyunda qapımızı toxunulmaz saxladıq və 3 xalı əldə etdik. Daha çox oyunlarımız var. Get-gedə dəyişəcəyimizə inanıram".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Aleksey İsayevin debütü ilə bağlı düşüncələriniz necədir?
- Əlbəttə, Alekseyin yenidən bizimlə olması məni sevindirir. Onun üçün zədədən geri dönməsi bir qədər çətin oldu. Əlbəttə, istərdik ki, o, matç zamanı ara ötürmələri versin, əvvəlki formasına yavaş yavaş qayıtsın. Hələ ki, istədiyimiz nöqtədə olmasa da, məşqlərdə həvəsli olması, tapşırıqları yerinə yetirməsi get-gedə daha yaxşı olacağına ümidimizi artırır.
- Pavol Şafrankonun zədəli olması sizi hücumçu transferi barədə düşünməyə vadar edirmi?
- Hazırda transferlər barədə düşünmürük. Ən çox düşündüyümüz məqam növbəti oyunumuz olan "Kəpəz"lə matçdır. Qış fasiləsinə hələ var. Yəqin ki, vaxt yaxınlaşanda rəhbərliklə bu barədə söhbətimiz olacaq.









                 




    
    
    
    
    
    
    
    
    





















































