"Bizi çox maraqlı oyun gözləyir. Güclü və tarixi olan bir komandaya qarşı oynayacağıq. Belə rəqiblərin oyunçularını Bakıda görmək bizim üçün böyük stimuldu. Hazırlaşmışıq və çox istəyirik ki, sabah yaxşı, mübariz bir oyun nümayiş etdirək. İnanırıq ki, azarkeşlərimiz oyunumuzdan razı qalacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İngiltərənin "Çelsi" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis rəqibin Bakıda məşq keçmədən oyuna çıxmasının "Çelsi"yə təsir edəcəyinə inanmadığını bildirib: Düşünmürəm ki, belə xırda detallar onlara ciddi təsir etsin. Onlar bu kimi hallara öyrəşiblər. Belə komandalar üçün oyun günü meydanda olmaq problem yaratmamalıdır. Bizdə də bəzən oxşar hallar olur. Amma bu, bizim üçün stimul sayılmır, əksinə, onların işlərinə nə qədər ciddi yanaşdıqlarını göstərir. Böyük ehtimalla, onlar hələ də London rejimində gedirlər".
Baş məşqçi bildirib ki, rəqibin bir-iki oyunçusunu müzakirə etmək düzgün deyil: "Çelsi" böyük klubdur. Əksinə, biz onların oyun sisteminə uyğunlaşmalıyıq. Çünki bir-iki futbolçunun yoxluğu onların oyunlarına təsir etmir. Bu, nəzərə alınası bir şey deyil. Belə böyük komandalar üzərində qalibiyyət çox önəmlidir. Bu gün biz kiçik futbol ölkəsi kimi tanınırıq. İndiyədək İngiltərə klubları ilə oyunlarda xal da əldə etməmişik. Çünki İngiltərə Premyer Liqası bütün futbol ölkələrini qabaqlayır. İnamlı oynamağı bacarmalı, azarkeşləri sevindirməliyik. Onların Bakıya gəlmələri və bizim onlarla oynamağımız əlavə uduşdur".
Onun sözlərinə görə, böyük klublar üzərində qazanılan qələbə çox önəmlidir: "Belə bir komandaya qalib gəlmək bizim üçün əlavə stimul olacaq. Üstəlik, indiyədək İngiltərə klublarına qarşı heç bir qələbəmiz olmayıb. İngiltərə Premyer Liqası bütün komponentlərdə digər liqalardan üstün səviyyədədir. Biz oyuna inamla çıxmalı və mübariz oynamalıyıq. Ən əsası, azarkeşlərimizi döyüşkən oyunla sevindirmək istəyirik. Belə səviyyəli komandaya qarşı Bakıda oynamaq çox xoş və motivasiya verici hissdir".
Qurbanov Çempionlar Liqasında əsas mərhələyə ilk dəfə vəsiqə qazandıqları 2017-ci illə müqayisədə futbolun həddindən artıq inkişaf etdiyini söyləyib: "Əvvəllər bizim onlardan zəif tərəflərimiz çox idi, amma indi təcrübəmiz artıb. İngiltərə futbolu bütün komponentlərdə çox inkişaf edib. Biz nə qədər irəliləsək də, “Çelsi” kimi klublar da eyni templə inkişaf edir. Fərq böyük olsa da, biz çalışacağıq ki, hər bir halda yaxşı oyun nümayiş etdirək. “Çelsi” son vaxtlar tez-tez rotasiyalara gedir. Bəzən Çempionlar Liqasında bir tərzdə, liqada isə fərqli oyun sərgiləyirlər. Onların oyununda iki əsas detal var və biz sabah bunlara uyğun hərəkət etməyə çalışacağıq. Əsas məqsədimiz öz bildiyimizi ən yaxşı şəkildə meydanda göstərməkdir ki, hər kəs bu oyundan zövq alsın. Futbolçularımız da inamla və mübarizə ilə oynamalıdırlar".
Baş məşqçi start heyət seçimindən və Musa Qurbanlının durumundan da danışıb: "Musa üçüncü gündür fərdi məşqlərə başlayıb. Bunadək 10 gün heç nə edə bilməmişdi. Start heyəti əsasən müəyyənləşdirmişik, amma kiçik bir detal var, onu da yaxın zamanda dəqiqləşdirəcəyik".
O, rəqib həmkarı Entso Mareskaya özü və komandası barədə fikirlərinə görə təşəkkür edib: "Görünür ki, o, komandamızla yaxından maraqlanıb. Bu, onun matça ikinci dərəcəli kimi yanaşmadığını göstərir. Klub məhz bu amillərin sayəsində belə bir səviyyəyə çata bilib. Burada qazanılan hər bir xal onların liderliyinə əlavə dəstəkdir. Onun fikirlərini dəyərləndirirəm və bir daha təşəkkürümü bildirirəm".
Qurbanov güclü rəqib qarşısında taktiki sistemdə dəyişiklik etməyəcəyini də diqqətə çatdırıb: "Belə böyük komandaların sıx qrafikdə oynaması onlara müəyyən problemlər yarada bilər. Mən isə 5-li müdafiə sistemi ilə oynamağın tərəfdarı deyiləm. Bu günə qədər qazandığımız uğurları mövcud sistemimiz və taktiki yanaşmamız sayəsində əldə etmişik. Elə komandalar var ki, 5-li müdafiə ilə daha dominant oyun sərgiləyir, amma mən oyunun gedişatına uyğun olaraq dəyişiklik edə bilərəm".
O, Türkiyəli jurnalistin böyük büdcəli qardaş ölkə klubları ilə "Qarabağ" arasında müqayisə xarakterli sualını da cavablandırıb: "Mən heç vaxt özümü Türkiyə klubları ilə eyni yerə qoymamışam, çünki hər birinə hörmətlə yanaşmışam. Biz hər zaman düşdüyümüz vəziyyətə uyğun addımlar atmağa çalışmışıq. Düşünürəm ki, işə yanaşma və zəhmət sayəsində bu nailiyyətlərə çatmaq mümkündür".






































































