"Çətin oyun oldu. Meydanda çoxlu birə-bir mübarizələr var idi. Məncə, oyun sürətli keçdi. İlk qolu penaltidən vurduq. Bundan sonra rəqibin təzyiqi ilə üzləşdik. Şadam ki, matçı qələbə ilə başa vurduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Penaltini niyə məhz Aleksandr Ramalinqoma həvalə edirsiniz?
- Aleksandr hücumçudur. Son penaltilərdə səhvi olmuşdu. Bunu öz aramızda müzakirə edəcəyik. Bəlkə də penalti vuranı dəyişdik.
- İlk hissədə sanki baş hakimin qərarlarından narazı idiniz. İdarəçiliyi necə dəyərləndirirsiniz?
- Əslində rəqibə görə çox narahat idim. Evdə oynayırdılar. "Qəbələ" 5 xal toplamasına baxmayaraq yaxşı komandadır. Narahatlığım buna görə idi.
- İlk dövrə başa çatdı. Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsiniz?
- Çətin çempionatdır. 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. "Sumqayıt"a gəldikdə, biz yalnız növbəti oyuna fokuslanırıq.









































































