
"Neftçi"dən ayrılan Flavinyo klubun rəsmi saytına açıqlama verib. Sportnet.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi komandadan ayrılmasında zədələrin rolunu vurğulayıb.
O deyib: "Neftçi"yə 2010-cu ildə gəlmişdim. Qısa zamanda bu şəhərə və komandaya uyğunlaşdım. Sevinirəm ki, burada oyunum uğurlu alındı. "Neftçi" ilə çempionluq qazandım. Avropada oynamaq şansı əldə etdim. Bu illər ərzində komandamızın uğuru üçün əlimdən gələni etdim. Bəzən zədələr istədiyim kimi oynamağa imkan vermirdi. Ötən mövsümün sonunda aldığım zədədən sonra 3 aya yaxın futbol oynamadım. Bu müddət ərzində bir neçə vacib qarşılaşmada komandama kömək edə bilmədim".
Flavinyo klub rəhbərliyi ilə görüşərək, qarşılıqlı razılıq əsasında dostcasına yollarını ayırdıqlarını bildirib: "Təəssüflənmirəm, çünki "Neftçi" mənim karyeramın zirvəsi idi. İndi "Neftçi"nin əsası gənc futbolçulardan ibarətdir. Heyətdə çoxlu sayda yeni və böyük potensiala malik gənc futbolçu var. Bu, Azərbaycan futbolunun inkişafı üçün də çox önəmlidir. Gənclərə vaxt və şans vermək lazımdır ki, təcrübə qazansınlar. Burada hər kəslə sıx dostluq münasibətlərim var. Bütün Azərbaycan xalqına, burada qonaq olduğum müddətdə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Futbol sahəsində çalışan media nümayəndələrinə, ən əsası da azarkeşlərimizə minnətdaram. İnanıram ki, fanatlarımız sona kimi "Neftçi"mizi dəstəkləyəcəklər. "Neftçi" Azərbaycan futbolunun Flaqmanıdır və bu hər zaman belə olacaq".