Fransa milli komandası Azərbaycan yığması ilə 2026-cı il dünya çempionatının seçmə oyununa 2 futbolçunu gətirməyəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Didye Deşam açıqlama verib.
Təcrübəli mütəxəssis yarımmüdafiəçilər Eduardu Kamavinqa və Manu Konenin Bakıya səfərə çıxmayacaqlarını söyləyib: "Kamavinqa noyabrın 14-də klubu İspaniya "Real Madrid"inin düşərgəsinə qayıdacaq. Tibbi müayinədən keçib, zədəsi olmasa da, baldır əzələsində diskomfort var. Kone isə cəzalıdır. Amma Bakıya getmək qərarı özündən asılıdır".
Deşam digər oyunçulardan da Azərbaycana səfərə gəlməyənlərin olacağını istisna etməyib: "Hələlik kimin gedib-getməyəcəyini deməyəcəyəm. Qarşıda oyunumuz var. 25 oyunçudan maksimum 23-ü heyətdə olacaq. Biz bu matça hörmətlə yanaşmalıyıq, lakin gizlətməyəcəyəm ki, cəmi 3 günlük fasilə və uzun səfər olacaq".
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlanacaq.






































































