"Klubun qələbə qazanaraq, Dieqo Armando Maradonaya həsr etmək istəyindən məlumatım var idi. Antonio Kontenin müsahibəsini oxudum, orada da qeyd edib ki, qələbə əldə etsələr, Maradonaya həsr edəcəklər. Bu onlar üçün əlavə stimul, bizim üçün isə əlavə motivasiyadır".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İtaliyada "Napoli"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
"O mənada ki, biz də öz oyunumuzla, yaxşı mübarizəmizlə azarkeşlər üçün meydançada çox baxımlı futbol ortaya qoyaq və hər iki komandanın azarkeşləri oyunumuzdan həzz alsınlar", - deyə 53 yaşlı mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, "Napoli"nin son bir il ərzində "Dieqo Armando Maradona" stadionunda uduzmaması və 19 ev oyununda 14 qələbəsinin olması kimi statistikaya diqqət yetirməyiblər: "Ümumiyyətlə, böyük klublara qarşı oyunlarda statistikalara yox, onların oyun sisteminə, meydançadakı düşüncə və hərəkətlərinə daha çox önəm veririk. Belə bir böyük baş məşqçisi olan komandanın belə də nəticələri olmalıdır. Çünki böyük azarkeş dəstəyi, böyük baş məşqçi, böyük kollektivə malikdirlər. Hər il baxsaq, baş məşqçiləri dəyişsə belə, bir-birilərini əvəzləyənlər nəticəni daha çox düşünənlərdən ibarət olur. Komandanın xarakteri isə sanki həmişə qalır. Lakin biz bunları düşünmədən oyuna hazırlaşırıq. Çünki Çempionlar Liqası tam fərqli turnirdir. Mənə elə gəlir ki, "Napoli" əvvəlki nəticələrini yox, turnir cədvəlində öz yerlərini daha da yaxşılaşdırmaq üçün bizə qarşı oyunu düşünəcək.
Qurbanov qalib gəlmək üçün çox güc sərf edəcəklərini diqqətə çatdırıb: "Ümumi gedişata və müsahibələrə baxıram: Bəlkə də "Napoli" qalib gəlməyi bizdən daha çox istəyir. Çünki sabah hamı sanki Maradonanın anım gününə fokuslanıb. Hamı istəyir ki, qələbə qazanaraq, Maradonaya həsr etsinlər. Görünən odur ki, biz çox diqqətli və əzmkar olmalıyıq. Bu, çox vacib olacaq. Amma düşüncəmiz, sabahkı nəticədən asılı olmayaraq, azarkeşlər üçün yaxşı və cəsarətli oyun göstərməkdir. Təki maraqlı oyun alınsın. Hər birinizə təşəkkür edirəm. Çox maraqlı diskussiyamız oldu, çox xoş oldu".
Qeyd edək ki, noyabrın 25-də Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.











































































