Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqasının V turunda Belçika təmsilçisi "Yunion"la matçı idarə etmiş ispaniyalı baş hakim Xose Mariya Sançes Martineslə bağlı UEFA-ya rəsmi şikayət göndərib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilir.
Qarşılaşmada hakimlik etdiyi epizodlarla mübahisələrə səbəb olan Sanches barədə UEFA-ya şikayət məktubu təqdim olunub.
İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk noyabrın 25-də keçirilmiş görüşdən sonra mətbuat konfransında ispaniyalı referiyə sərt etiraz edib:
“Baş hakimin vermədiyi qırmızı vərəqə çox ciddi səhvdir. Üstəlik həmin futbolçu – Promis David – sonradan qol vurdu. Bununla yanaşı, oyunda təhlükəli vəziyyət olmadan 4-5 dəfə matçı dayandırdı. Çox zəif idarəçilik göstərdi. Öz səhvlərimizə baxacağıq, amma referinin böyük yanlışlığa yol verdiyini demək lazımdır. Ümid edirəm ki, UEFA bu qədər böyük səhvi cəzasız qoymayacaq”.
Qeyd edək ki, matçdan 1:0 hesabı ilə məğlub ayrılan "Qalatasaray" müdafiəçi Arda Ünyayın qırmızı vərəqə alması səbəbindən görüşü 10 nəfərlə başa vurub.




































































