Azərbaycan Premyer Liqasının XIV turunda "Şamaxı" səfərdə "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.
Matçdan sonra qonaqların hücumçusu Karim Rossi Sportnet.az saytına müsahibə verib...
- Görüş haqqında düşüncələriniz nələrdir?
- İlk hissə çətin keçdi. "Karvan-Yevlax"a qarşı səfərdə oynamaq çətindir. Hissənin sonunda baş məşqçimiz bizə səbrli olmağı, öz oyunumuza davam etməli olduğumuzu və bununla epizodların yaranacağını söylədi. Elə də oldu. İlk qoldan sonra daha da açılışdıq. Fürsətlər yaxalayıb fərqi artırmağı bacardıq.
- Bu gün də fərqlənməyi bacardınız. Özünüzdən gözləntiləriniz nələrdir?
- Ümid edirəm ki, qollar vurmağa davam edərək komandama xallar qazandıra bilərəm. Hazırda, komanda şəklində yaxşı çıxış edirik. Çox özgüvənliyik. Bu amillər mənim qol vurmağımı daha da asanlaşdırır. Ən önəmlisi odur ki, biz 3 xalı qazana bildik. Mövsümün sonuna qədər bu formada davam etmək istəyirik.
- Avrokubok şanslarınızı necə dəyərləndirirsiniz?
- Mövsümü mümkün qədər ən üst pillələrdə tamamlamaq istəyirik. Yaxşı heyətimiz, baş məşqçimiz olsa da, "Şamaxı" olduğumuzu unutmamalıyıq. Aşağı büdcəmiz, gənc komandamız olsa da, potensialımız yüksəkdir. Hər oyuna yaxşı hazırlaşıb özümüzü yaxşı tərəfdən göstərək, sonda artıq nə baş verəcəyini görərik.
- Növbəti matçınız evdə "Zirə"yə qarşı olacaq. Yenə fərqlənə biləcəksiniz?
- İlk dövrədə onlara qol vurmağı bacardımsa, indi də edə bilərəm. Liqanın ən yaxşı komandalarından biridirlər. Maksimum çalışacağıq ki, "Zirə"dən xal ala bilək.
Haşım MƏMMƏDOV














































































