“Gözlənilən kimi ağır oyun oldu. Rəqibimiz yaxşı müdafiə olunan komandadır. Onlara qarşı ilk oyunda da çətinlik çəkmişdik. Təəssüf ki çox qol epizodu yarada bilmədik. Amma yekunda son dəqiqələrdə qolu vurub 3 xalı qazanan tərəf biz olduq. Bəlkə də bir az bəxtimiz gətirdi - onlar penalti epizodunu yerinə yetirə bilmədilər. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın məşqçisi Şahin Abdullayev evdə "İmişli"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Penalti epizodu barədə düşüncələriniz necədir: Sizcə, doğru qərar idi?
- Penalti epizodundan sonra biz öz aramızda söhbətləşdik. Bizə görə 50-nin 50-yə epizod idi. Penaltiyə daha çox oxşayırdı. Amma baş hakim Əliyar Ağayev bu qədər vaxt götürərək, penaltiyə 10 dəqiqəyədək baxdığı üçün biz də fikirləşdik ki, bəlkə penalti təyin etməyəcək. Çünki top oyunçumuzun əlinə başından gəldikdən sonra gəlmişdi. Amma yenə deyirəm: penalti epizodunda bəxtimiz gətirdi. Çox da danışılası epizod deyil.
- Bəs oyunçular arasındakı dava barədə nə deyə bilərsiniz?
- Uzatma dəqiqələrində meydançada xoşagəlməz epizod yarandı. Məşqçimiz Veliçko Kaplanoviçə qırmızı vərəqənin verilmə səbəbini özümüz də bilmədik. Kaplanoviç sakit təbiətli məşqçidir. Gözləməzdik ki, belə bir hal baş versin.
- Oyunlarınızdakı epizodlara hakimlərin fərqli yanaşmalarına münasibətiniz necədir?
- Fikrimcə, referilərimiz oyunları yaxşı idarə edirlər. Onlar Çempionlar Liqası və Avropa Liqasının oyunlarına təyinat alırlarsa, deməli, yerli çempionatdakı idarəçiliklərini dəyərləndirib belə qərar verirlər. Bizə və ya əks tərəfə qərəzin olduğunu düşünmürəm. Ola bilsin, onlar da biz məşqçilər və oyunçular kimi bəzən səhv edirlər. Biz də bunları normal qarşılayırıq.
- Köməkçi-məşqçinizin sakit təbiətli olduğunu dediniz. Elə siz də, baş məşqçi Saşa İliç də belə xarakterlidir. Lakin onlar ardıcıl iki oyundur qırmızı vərəqə alırlar. Gələn tur sizə də qırmızı vərəqə göstərə bilərlərmi?
- (gülür - red.) İnanıram ki, bu, baş verməyəcək. Futbol emosiyalar oyunudur. Dərhal bizə qırmızı vərəqə verməsi gözlənilməz bir qədər oldu. Ola bilsin, apellyasiyaya müraciət edəcəyik. Epizod yəqin ki, videoya da düşüb.
- "İmişli" ilə ilk oyununuzdakı məğlubiyyət sizi bu oyuna daha da motivasiyalı hazırlaşmağa vadar edirdimi?
- Sırf "İmişli"yə və ya gələn tur qarşılaşacağımız "Neftçi"yə görə hazırlıq görmürük. Hazırlıq prosesləri məşqçilərin fəlsəfəsinə uyğun keçirilir. Amma rəqibdən asılı olaraq, müəyyən düzəlişlər edilə bilər. "İmişli" də "Şamaxı" kimi əks-hücumlara meylli, cinahlardan hücumlara yaxşı qoşulan komandadır. Buna uyğun məşqlər keçərək, hazırlaşmışdıq. Çox da imkanımız olmadı, amma belə oyunlarda bir-iki şansın oldusa, yararlanmalısan.









































































