"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Həm də çox vacib idi ki, oyunçular sonadək intizamlı oynasınlar. Sonlara yaxın 1-2 boşluqlar oldu, ümumən çox diqqətli və intizamlı oyun göstərdilər. Baxmayaraq ki, qarşımızda topla yaxşı davranan komanda var idi. Xüsusən də rəqibin orta sahəsi topa çox yaxşı nəzarət edirdi. Yaxşı hücumlarımız oldu, yaxşı qollar alındı. Rəqibə və öz komandamıza uğurlar arzulayıram. Əlbəttə, belə bir soyuq havada stadionumuza gələrək, bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Araz-Naxçıvan”ı 5:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Marko Yankoviçin yoxluğunda həmin mövqedə Coni Montiel, daha sonra Emmanuel Addai oynadı. Yankoviç hazır deyildi, yoxsa ona istirahət verdiniz?
- Sadəcə, istirahət vermişdik. Xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq. Çünki Çempionlar Liqasında "Ayaks"a qarşı 4 gün əvvəlki matçımız gərgin və sürətli keçmişdi. Son vaxtların bəlkə də ən çox maksimal sürətdə keçən oyunlarından biri idi. Ayrı-ayrılıqda hər bir futbolçunun göstəriciləri çox yuxarı idi. Ona görə də ehtiyatlandıq.
- Kadinin sıradan çıxmasından sonra onun mövqeyində oynayan futbolçularda həmin performans görünmür. Demək olarmı ki, bu, komandanızın orta xəttinə 90-95 faiz təsir edib?
- Bəlli məsələdir. Hər oyunçunun öz uyğun mövqeyi var. Hansı ki, öz üzərlərinə düşən işi daha yaxşı bacarırlar. Belə oyunçuların sıradan çıxması təkcə o mövqeyə yox, digər mövqelərdə də narahatlıq yaradır. Çünki fərqli mövqedən olan oyunçunu orada oynayanda, digər sıxıntılarımz da olur. Bu da qaçılmazdır, dünya futbolunda da şahidi oluruq. Amma digər futbolçularım sağ olsunlar, nəticələrimizi qoruyub saxlamışıq. Əlbəttə, istənilən kollektiv bir oyunçunun üzərində qurulmur. Hər bir hala hazır olmalıyıq. Oyunların gedişatında da görmüsünüz ki, Kadı pleymeyker zonasında daha çox çıxış etsə də, onu bəzən dayaq yarımmüdafiəçisi kimi də oynatmışıq. Hətta matçın gedişatında Kadini sağa, Leandro Andradeni ortaya da qoymuşuq. Rəqibdən də asılıdır. Kadi kimi qabiliyyətli, təcrübəli futbolçuların xüsusən böyük oyunlarda meydanda olması kollektiv, oyunumuzun qurulması üçün əlavə üstünlükdür. Çox istəyərəm ki, bütün futbolçularım sağlam olsunlar. Təkcə oyun deyil, oyuna hazırlanmalarından daha çox fayda götürürəm.
- Qış fasiləsinə 2 oyununuz qalıb. Futbolçular mövsümün əvvəlində ehtimal etdiyinizdən daha çoxunu verə biliblər, yoxsa...? Futbolçuların göstəriciləri necədir?
- Gözləntim olan futbolçulardan gözlədiyimi ala bilmişəm. Daha çox gözlədiklərimdən isə elələri olub ki, ala bilməmişəm. Hansı ki, komandaya daha çox fayda verə bilərdilər. Amma bəzi futbolçular öz idman formalarını sabit qoruyub saxlamayıblar. Bunu burada deməməyim daha doğru olar. Amma özləri bilirlər, özlərinə bildirilib və özləri də düzgün qəbul ediblər.
- Dekabrın 18-də "Sabah"a qarşı keçirəcəyiniz matçdan gözləntiniz nədir?
- Doğrudan da bugünkü nəticələri "Sabah"ın oyununa görədir. Ümumiyyətlə, oyundan-oyuna daha qabiliyyətli, daha təhlükəli bir "Sabah" gəlir. Yaxşı kollektiv formalaşıb, yaxşı oyun nizam-intizamları var. Çox ciddi rəqibə qarşı oynayacağıq. Sadəcə, bu gün və sabah oyunçulara istirahət verməyimiz lazım gələcək. Çünki ilin sonlarına doğru sıx qrafik nəticəsində futbolçularda istər-istəməz yorğunluq çoxalır. Düzü, rəqibi hələ yaxından analiz etməmişik. Amma "Sabah"ın "Neftçi" və "Turan Tovuz"la görüşlərinə baxmışıq. Çox yaxşı futbol oynadılar. Bizi gərgin oyun və gərgin mübarizə gözləyir.
- "Sabah”la matçın nəticəsi, yəni məğlubiyyət olarsa, çempionluq yarışına təsir edəcək?
- Xeyr, hələ qarşıda xeyli sayda oyun var. Mövsüm başlayanda neçənci yerlərdə idik, xeyli sonra pillə-pillə qalxmağa başladıq. “Sabah” da bir qədər aşağılarda idi, sonradan formasını bərpa etdi. İndi daha yaxşı yerlərə yüksəliblər. Düzdür, vacib oyundur. Amma qalib gəlsək, bu, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq. Çünki "Sabah"ın çox yaxşı kollektivi var, komanda bütün fikrini çempionata yönəldib. Qalib gəlsək də, gəlməsək də, belə düşünmək üçün çox tezdir.
- Qadın və Uşaq Sığınacağında təkbaşına "Qarabağ"ın matçını izləyən azarkeş Əkbər Zülfüqarovla görüşmüsünüz?
- Yox, hələ olmayıb. Amma görüşəcəyik, buradadır.






































































