"Hər iki komanda üçün çox çətin oyun oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis bildirib ki, meydan sahiblərinin topla üstünlüyü olsa da, öz komandası taktiki cəhətədən hazırlıqlı olub: "Müdafiəni yaxşı qurmuşduq. "Zirə" iki təhlükəli imkanı standart vəziyyətlərdən yaratdı. Bilirdik ki, rəqib fiziki cəhətdən güclüdür. İki təhlükəli künc zərbəsindən savayı, "Zirə" qapımıza yaxınlaşa bilmədi. Bu da onu göstərir ki, matça taktiki cəhətdən yaxşı hazırlaşmışdıq. İkinci hissədə gözləyirdik ki, "Zirə" intensiv hücumlar edəcək. Onların oyunçuları fiziki və fərdi keyfiyyətə görə üstündür. Rəqib qol vurmaq istəyirdi. 70-ci dəqiqəyə qədər onlar pressinq edirdi. Bizim oyunçular daha yorğun görünürdü. Çünki bundan əvvəlki matçımız çox çətin şəraitdə keçdi".
Kaşkilya "Zirə" ilə oyuna hazırlıq üçün cəmi 4 gün vaxtlarının olduğunu da xatırladıb: "Çempionatın bu fazasında 4 günə oyuna hazırlaşmaq çox çətindir. "Zirə"nin isə 6 gün vaxtı var idi. Onlar qol vurmaq istəyirdilər. Bu cür rəqibə qarşı 1 xala görə müdafiə olunduq. Bunu müvəffəqiyyətlə etdik. İkinci hissədə məqsədimiz 1 xal qazanmaq idi, ona da nail olduq".






































































