“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin iclaslarında iştirak etməməsi diqqətdən qaçmırdı. Artıq bu səssizliyin səbəbi bəllidir və məsələ təkcə şəxsi narazılıq yox, Azərbaycan futbolunun gələcəyi ilə bağlı prinsipial mövqedir.
Səssiz etirazın kökü AFFA İcraiyyə Komitəsinin 2025-ci il fevralın 3-də qəbul etdiyi mənfur qərara – Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvinə gedib çıxır.
Qurban Qurbanov həmin iclasda iştirak etsə də, sonrakı toplantılardan kənarda qalması və ya özünü kənarda saxlaması bu qərara etirazın açıq mesajıdır. Açıq bəyanat yoxdur, lakin davranış kifayət qədər aydındır.
Bu qərarın Azərbaycan futboluna zərbə vurduğunu anlamaq üçün dərin analizə ehtiyac yoxdur. Yerli futbolçuların sayı onsuz da məhduddur. Legioner limitinin ləğvi isə onların oyun vaxtını, inkişaf perspektivini və rəqabət imkanlarını daha da azaldır. İllərdir legionerlərlə yanaşı, yerli futbolçuların da hazırlığına önəm verən Qurban Qurbanovun bu prosesə susqun qalması gözlənilən deyildi.
Daha diqqətçəkən məqam isə qərarın qəbul edilmə mexanizmidir. Sözsüz ki, hazırkı durumda "Qarabağ"ı yalnız legionerlərdən qurulmuş heyətlə üstələmək mümkündür. Legioner limiti olduğu vaxt komandaların "11-liy"ində ən azı 3 yerli futbolçunun çıxış etməsi məcburi qayda idi. Ən səviyyəli yerli futbolçular isə Ağdam komandasındadır. Baxmayaraq ki, "Sabah" azərbaycanlı futbolçular yetişdirməsindən ağızdolusu dəm vurmaqdadır.
Maqsud Adıgözəlovun prezidenti olduğu klub 3 yerli oyunçu ilə legionerlərin vəhdətindən ibarət komandanın "Qarabağ"la rəqabət apara bilməyəcəyini gözəl başa düşür. Ona görə də Masazır klubu çıxış yolu kimi legioner limitinin ləğvinin vacibliyini İcraiyyə Komitəsinə diktə edə bilib.
Məhz bu qərarın ləğvindən sonra "Sabah" heyətinə daha səviyyəli legionerlər cəlb etməyə, yerli oyunçu transferinə isə barmaqarası yanaşmağa başlayıb. Hətta vəziyyət o həddə çatıb ki, klub icarəyə götürdüyü legionerləri sonradan yüksək məbləğdə vəsait ödəyərək, birdəfəlik transfer etməkdən də çəkinmir.
"Sabah"ın işinə "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu çıxışı da yarayıb. Qurban Qurbanovun komandasının pley-offa vəsiqə qazanması artıq onların Azərbaycan Premyer Liqasında daha çox xal itirmə ehtimalını qüvvətləndirib. Artıq "Qarabağ" ən azı fevralın sonlarınadək pley-offa daha çox köklənəcək. Bu isə daxili çempionatda lider "Sabah"dan daha çox geri qalma təhlükəsini artıracaq.
İdman ictimaiyyətində legioner limitinin ləğvinin müəyyən klubların maraqları əsasında gündəmə gətirildiyi fikri geniş yayılıb. Xüsusilə “Sabah” klubunun bu prosesdə aktiv rol oynaması ilə bağlı iddialar suallar doğurur. Çünki İcraiyyə Komitəsində rəsmən vitse-prezident Balakişi Qasımov və klub prezidenti Maqsud Adıgözəlov, qeyri-rəsmi isə digərlərindən bir neçəsinin timsalında "Sabah" lobbisinin formalaşdığı hamıya gün kimi aydındır. Premyer Liqada “Qarabağ”la rəqabət aparmaq üçün yerli futbolçuların keyfiyyətinin həlledici olduğu bir şəraitdə limitin ləğvi bəzi klublar, xüsusən də Masazır təmsilçisi üçün daha rahat yol kimi görünür.
Paradoks ondadır ki, AFFA prezidenti Rövşən Nəcəf bir tərəfdən “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlarını rəsmi təbriklərlə qarşılayır, digər tərəfdən isə həmin uğurların təməlində dayanan modelə – yerli futbolçuların inkişafına zidd qərarlar qəbul edir. Bu yanaşma istər-istəməz səmimilik sualı yaradır.
“Qarabağ” bu gün təkcə bir klub deyil, Azərbaycan futbolunun vitrinidir. Avropadakı nəticələr, qazanılan əmsallar, xalları və beynəlxalq imic məhz bu komandanın üzərində formalaşır. Belə bir klubun maraqlarına zidd qərarların qəbul edilməsi isə dolayısı ilə bütün Azərbaycan futbolunun əleyhinə atılmış addım kimi qiymətləndirilə bilər.
Qurban Qurbanovun iclaslara qatılmaması etirazın ən sakit, amma ən aydın formasıdır. Bu, həm AFFA rəhbərliyinə, həm də İcraiyyə Komitəsinə ünvanlanan mesajdır: hər hansı qərarı qəbul edərkən yalnız bu günü yox, sabahı da düşünmək lazımdır. Görünən odur ki, onlar sabahı yox, "Sabah"ı fikirləşirlər.
Nəticəsi isə budur ki, qazanılan avrokubok uğurları fonunda daxildə atılan belə addımlar Azərbaycan futbolunun öz ayağına vurduğu zərbəyə çevrilir.












































































