"Qarabağ"ın futbolçusu Kadi Borges 3 aylıq aradan sonra yaşıl yenidən oyuna çıxıb. Bu, "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçında baş verib.
Görüşün ardından braziliyalı yarımmüdafiəçi Sportnet.az-a müsahibə verib:
- "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəldiniz. Oyunu necə dəyərləndirərdiniz?
- Bizi çətin oyun gözləyirdi, elə də oldu. Çünki rəqib çox aqressivdir, birəbir mübarizələrdə çox yaxşı oyunçulara malikdir. Xüsusən, standart vəziyyətlərə xeyli üstünlük verirlər. Düşünürəm ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik və istədiyimiz 3 xalı qazandıq.
- Üç aylıq aradan sonra meydançaya çıxdınız. Özünüzü necə hiss edirsiniz?
- Mənim üçün həqiqətən də çox çətin dövr oldu. Amma nə etmək olar? Bu, bir idmançı həyatıdır. Bu mərhələni də keçmək lazımdır. İndi həm fiziki, həm də psixoloji cəhətdən daha güclü qayıtmalıyam. Düşünürəm ki, öhdəsindən gələcəyəm.
- Çempionlar Liqasındakı növbəti rəqibiniz İngiltərə "Nyukasl"ı olacaq. Mərhələ şansınızı necə dəyərləndirirsiniz?
- Məncə, "Nyukasl"ı keçib-keçməyəcəyimizi düşünməməliyik. Sadəcə, meydançaya çıxıb mübarizə aparmaq, bacarığımızın ən yaxşısını ortaya qoymaq lazımdır. Alınıb-alınmayacağı Allahın ixtiyarındadır. Belə məsələlər bizim nəzarətimizdə deyil.
Haşım MƏMMƏDOV












































































