İspaniya “Atletiko Madrid”i İtaliyanın "Atalanta" komandasının futbolçusu Ademola Lukmanı transfer edib.
Sportnet.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçunun müqavilə şərtləri razılaşdırılıb.
28 yaşlı forvard tibbi müayinədən keçmək və yeni müqaviləyə imza atmaq üçün artıq Madridə gəlib.
Jurnalist Fabritsio Romanonun məlumatına görə, transferin məbləği 35 milyon avro təşkil edir. Müqavilədə əlavə olaraq 5 milyon avro bonusların da nəzərdə tutulduğu qeyd olunur.
Qeyd edək ki, Ademola Lukman 2022-ci ilin yayından “Atalanta”da çıxış edirdi. Bu müddət ərzində o, bütün turnirlərdə 137 oyunda iştirak edib, 55 qol vurub və 27 məhsuldar ötürmə ilə yadda qalıb.
2024-cü ildə Lukman “Atalanta” ilə birlikdə Avropa Liqasının qalibi olub. Həmin il nigeriyalı futbolçu Afrikanın ən yaxşı oyunçusu seçilib və “Qızıl top” səsverməsində 14-cü yeri tutub.













































































