"Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, meydanda xarakter göstərmək lazım idi. İlk hissə daha çətin keçdi. İkinci hissədə bir az hava düzəldi. Ümumən pis mübarizə aparmadıq. Rəqibimiz "Qarabağ"dır. Ən böyük problemimiz oyunun sonlarında qollar buraxmağımızdır. Futbolçulara bununla bağlı xəbərdarlıq edirik. Təəssüf... Orada elə böyük epizod da yox idi. Təəssüf ki, boşluq verdik. Yenə də mübarizələrinə görə uşaqlara təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- "Qarabağ"la kubokun cavab matçında da üz-üzə gələcəksiniz. Mərhələ şanslarınızı necə dəyərləndirirsiniz?
- Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. "Qarabağ"a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi matçlarda alınmır. Aqressivlik kubokun cavab oyununda bundan çox olmalıdır.
- Son dəqiqələrdə edilən dəyişikliklərin səhv olduğunu düşünmürsünüz?
- Səhv deməzdim. Oruc Məmmədov özü əvəzlənmək istədi. Karim Rossi yorulmuşdu. Oyuna girən futbolçuların səhvi yox idi. Səhv müdafiədə idi. Gördünüz ki, müdafiə xəttinə əl dəymədik.
- Bəhlul Mustafazadəyə verilməyən ikinci sarı vərəqə epizodu var. Siz necə düşünürsünüz?
- Məncə də ikinci sarı vərəqə verilməli idi. Hətta dirsək epizodu oldu. O da müzakirə oluna bilər.











































































