“Qarabağ”ın qapıçısı Mateuş Koxalski qış fasiləsində Polşaya qayıtmaq istəyib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı qolkiper Ekstraklasa təmsilçisi “Vidzev”dən təklif aldığını və bu təklifi qəbul etdiyini açıq şəkildə etiraf edib. Lakin transfer baş tutmayıb.
Koxalski 2024-cü ilin yayında Azərbaycana yollanıb və idman baxımından düzgün seçim edib. Polşalı qapıçı əsas heyətdə möhkəmlənib və bu mövsüm Çempionlar Liqasında çıxış edib.
Buna baxmayaraq, o, qışda klubunu dəyişmək niyyətində olub və hazırda yeni qapıçı axtaran “Vidzew”ə qayıtmaq istəyib.
“Bəli, təklif var idi. Mən də "Vidzev"in təklifini qəbul etmişdim”, – deyə Koxalski przegladsportowy.onet.pl saytına müsahibəsində bildirib.
Qapıçı qərarını ailə amili ilə əsaslandırıb: “Məşqdən və ya oyundan sonra evə tək qayıdıram. Doğmalarımdan uzaqda oluram. Futbol mənim üçün çox önəmlidir, amma ailəmi hər zaman birinci yerə qoymuşam və qoyacağam. Nişanlım bəzən yanımda olur, lakin Polşaya qayıdanda – o, qiyabi təhsil alır – tək qalmaq mənim üçün çətin olur. Bu ayrılıq psixoloji durumuma mənfi təsir edir. Buna görə də "Vidzev"in təklifini qəbul etdim”.
Lakin “Qarabağ” rəhbərliyi onun Polşaya dönüşünə razılıq verməyib və Lodz klubunun təklifini geri çevirib.
“Ehtiyat qapıçımız (Şahrudin Məhəmmədəliyev - red.) zədəlidir və yeni qolkiper tapmaq çətin ola bilər. Komanda üçün vacib oyunçuyam və klub təklifi rədd etdi. Bunu anlayıram və artıq bu məsələyə ilişib qalmamışam. ‘Vidzew’ başqa qapıçı transfer etdi və məsələ bağlandı”, – deyə Koxalski vurğulayıb.
Qeyd edək ki, “Vidzev" Mateuş Koxalskinin əvəzinə Bartlomey Draqovskini heyətə qatıb. Lakin Lodz təmsilçisi qış fasiləsindən sonra keçirdiyi iki oyunda məğlub olub və hazırda turnir cədvəlində düşmə zonasındadır.




































































