"Neftçi"nin baş məşqçisi Yuri Vernidub səfərdə "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə "Forza Neftçi"ni təbrik edib:
- İlk növbədə, "Neftçi" azarkeşlərini qələbə münasibətilə təbrik edirəm. Bir neçə həftə "Forza Neftçi"nin yaradılmasının ildönümü idi. Həmin vaxtı xəstələndiyim üçün orada iştirak edə bilmədim. Ona görə də fan-klubdan və onun rəhbərliyindən üzr istəyirəm. Əsasən onların dəstəyinin və komanda üzərində diqqətinin nəticəsidir ki, bu gün belə nəticələr əldə edirik.
- Bassala Sambu artıq 9 qolla bombardirlər siyahısında ilk "3-lük"dədir. Loru dildə desək, siz ona nə yedizdirib-içizdirmisiniz ki, şir-pələngə dönüb?
- Sambu da, Vensan Abubakar da yaxşı forvarddır. Fərqli planlarda oynayırlar. Baş məşqçi kimi mənə seçim etmək çətindir. Amma bu gün həm Sambunun, həm də Abubakarın oyunundan razıyam. Onların qol vurmaları mənə xoşdur. Amma gördüyüm odur ki, özlərini də çox dəyişiblər. Bu, nədə özünü dəyişib? Öz üzərilərində daha çox işləyirlər, daha çox komanda üçün oynayırlar. Belə davam etsələr, daha yaxşı oynayacaqlar.
- İki həftəlik fasilə sizi nə dərəcədə qayğılandırır və vəziyyətdən necə çıxmağı düşünürsünüz?
- Bu oyundan sonra iki günlük istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq və yolumuzu sürdürmək üçün edirik
- Bu cür qələbələrdən sonra futbolçulara mükafat verilirmi və sirr deyilsə, nə qədər olur?
- Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün işlədik və üç xalı qazandıq. Onlarla çox ünsiyyətdə oluram. Münasibətləri də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şey daha yaxşı olacaq.
- Komandanın optimal heyəti yoxdur, bütün futbolçuların xidmətindən istifadə edirsiniz. Optimal heyəti formalaşdırmamısınız, yoxsa bu, “Neftçi”nin oyun prinsipindən irəli gəlir?
- Qapıçıları nəzərə almasaq, komandamızda 23 futbolçu var. Onların hər biri məşqlərdə çox yaxşı təsir bağışlayırlar. Təbii ki, hamısı eyni anda çıxıb oynaya bilməz. Amma onlar oynamağa layiqdilər. Çünki həftə ərzində məşqlərdə iştirak edirlər və bunun davamı olmalıdır. Buna görə şərait yaradıram ki, hamısı oyunlarda çıxış etsinlər. Oyunçular ancaq məşq edir, oynamırlarsa, fərqli nəticələr ortaya çıxır. “Qarabağ”ın oyunlarında gördünüz ki, bəzi hallarda dəyişikliklərə getdilər və hansı nəticələr meydana çıxdı. Bir futbolçu uzun müddət meydana çıxmırsa, oyun ritmini itirir. Ona görə də hər zaman heyəti qarışdırırıq ki, hamı bir-birini əvəz edə bilsin. Həmişə deyirəm ki, bizim komandada ulduz yoxdur, hər biri çıxış edir bizdə ailə və komanda var. Komandada ulduz olanda onları idarə etmək də çətindir. Bizim yanaşma fəlsəfəmiz budur.
- Ukrayna mətbuatına müsahibənizdə demisiniz ki, Azərbaycanda “Qarabağ” və “Neftçi” Ukraynada “Dinamo Kiyev” və “Şaxtyor” kimi sayılır. Ukrayna müqayisəsi ilə aparsanız, “Qarabağ”la oyununun təxirə salınmasına münasibətiniz necədir? Matçın təxirə salınması istənilən formanı yığmağa başladığı hazırkı durumunda “Neftçi”yə necə təsir edə bilər?
- Fikrimcə, bu mövzunu bağlamaq vaxtıdır. Rəhbərliklə görüşdük və belə çətin dönəmdə Azərbaycan komandasına dəstək olmağı qərara aldıq. Hansı ki, bu ölkəni böyük futbol arenasında təmsil edir. Belə qərar verdik, bizim qərardır və nöqtə. Bilirəm ki, bizim üçün o qədər də yaxşı olmaya bilər. Çünki ritmdən düşürük. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir.
- Altıncı oyundur ki, uduzmur, üçüncü oyundur qələbə qazanırsınız. Barələrində müsbət fikirlər bildirdiyiniz azarkeşlərə yaxın gələcəklə bağlı nələr deyə bilərsiniz?
- Azarkeşsiz futbol olmur. Onlarla yaxşı münasibətlərimiz davam edir. Onlardan yalnız onu istəyərdim ki, daim yanımızda olsunlar. Həm belə xoş günlərimizdə, həm də o qədər də xoş olmayan durumumuzda. Bu, həm “Neftçi”yə, həm də azarkeşlərimizə lazımdır. Mən bizim azarkeşlərilə fəxr edirəm və çox sevinirəm ki, “Neftçi”nin böyük azarkeş ordusu var.














































































