"Çox böyük təcrübə əldə ediləsi oyundur. Çempionlar Liqasının pley-off mərhələsində oynamaq Azərbaycan futbol tarixində bir ilkdir. Xüsusən də belə bir komandaya qarşı. Hansı ki, çox tanınmış, köklü və dünyanın bir nömrəli liqasından gəlmiş klubdur".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə İngiltərə "Nyukasl"ına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis matça hazırlaşmaq üçün vaxtlarının az olduğunu, alkin komandasının durumundan məmnunluğunu dilə gətirib: "Kənardan futbolçularımın oyuna hazırlıqlarına, matça yönəltdikləri diqqətə və açıqlamalarına baxıram. Çox məsuliyyətli davranırlar, həyəcanlıdırlar. Bu, mənə bir az inam verdi, göstərdi ki, futbolçular oyunu səbirsizliklə gözləyirlər. Hər birinə ayrılıqda baxıram, sabah ən yaxşı oyunlarından birini sərgiləməyi düşünürlər".
O, rəqibin oyunlarına baxdıqlarını söyləyib: "Bəlkə də bizə uyğun olmayan oyun üslubları var. Təkcə biz yox, İngiltərədə bütün komandalar inanıram ki, onlara qarşı oynamaq istəmirlər. Çünki rəqiblərə öz oyunlarını sərgiləmək imkanı vermirlər. Buna baxmayaraq, doğma meydançamızda, öz azarkeşlərimiz önündə yaxşı mübarizə aparmağa, ağıllı və xüsusən də cəsarətli oynamağa çalışacağıq. Rəqib bizi bir çox komponetlərdə - fiziki güc və sürətdə üstələsə də, inanıram ki, futbolçularımız özlərinni yaxşı tərəfdən göstərməyi bacaracaqlar və ən yaxşı oyunlarından birini göstərəcəklər".
Qurbanovun sözlərinə görə, komandası ümumən hücumda oynasa da, həmişə müdafiədə ehtiyatlı olmağa çalışıb: Burada rəqibin ustalığı, üstünlüyü kimi amillər var. Ona görə də bəzən buraxdığımız qolların sayı çox olub. Buna baxmayaraq, biz nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısı qarşısında çoxlu variant axtarmağa çalışmalıyıq. İllərdir futbolçularımdan tələbim odur ki, hücumda ola-ola düzgün müdafiə olunmağı bacaraq. Həm məşqlərdə, həm də oyunlarda daim bunu istəyirik. Amma reallıq var. Rəqib də yəqin ki, bunu düşünür. Onların bəzi oyunçularının ustalığı, keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Lakin biz mütləq şəkildə iki oyunçunu düşünməliyik. Sabah elə bir oyundur ki, azarkeşlərimizin oyundan həzz almalarını, uduzsaq belə, açıq, dinamik futbol görmələrini çox istərdim. Sonra da cavab oyununu düşünərik. Buna vaxtımız da olacaq".
Baş məşqçi komandanı sabahkı oyuna hazır etməyə maksimum çalışdıqlarını vurğulayıb: "Məncə, bir neçə gün əvvəlki fikirlərə, olaylara geri dönməyə ehtiyac yoxdur. Diqqətimizi sırf "Nyukasl"la oyuna cəlb etməli, hazırlaşmalıyıq. Futbolçularımızla da danışığımız oldu kimi qısa müddətdə bərpa olunaq. Sağ olsunlar, pis hazırlaşmırlar. Çünki dediyim kimi, kənardan onlara baxır, analiz edirdim. Demək olar ki, oyuna hazırdırlar. Ola bilər ki, oyunun gedişatında hansısa hissədə yorğunluq hiss olunsun. Amma inanıram ki, onlar yenidən güc tapıb, özlərini toparlayaraq, sonadək mübarizə aparmağı bacaracaqlar".
O, "Nyukasl"ın yaxşı formada olmaması fikri ilə razılaşmayıb: "Əksinə, son iki oyunda qalib gəldilər. Ümumiyyətlə, İngiltərə Premyer Liqası elə bir çempionatdır ki, orada işlərin yaxşı getməməsi kimi bir düşüncə, termin yoxdur. O liqa elədir ki, 1-ci və 15-ci pillədəki komandalar arasında ciddi fərq görünmür. Onların çempionata başqa bir strateji hazırlıqları var və üstün cəhətləri də budur. Bəzən hətta Premyer Liqanı Çempionlar Liqasından üstün tuturlar. Yəni, İngiltərənin futbola bu cür yanaşması var. Ola bilər ki, hansısa komandanın 2-3 oyunda nəticələri olmasın. Amma sonradan tam əksi olur və həmin zolağa başqa bir komanda düşür. Ona görə də belə komandaları daim ciddi, hər oyunda nəticə üçün meydana çıxırlar. Biz o düşüncədə olmalı deyilik".
Qurbanov şansları da dəyərləndirib: "Komandaların ümumi durumuna baxsaq, favorit "Nyukasl"dır. Amma biz minimum Bakıda qalib gəlmək istəyirik və bunun üçün hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də həmin o maraqlı nəticələr sırasına daxil olmaq istərdik. Sabah çəkinməyərək meydançaya çıxacağıq. Qarşımızda çox intizamlı bir kollektiv var, amma mən və futbolçularım çox istəkliyik ki, bu oyunda qalib gələk. Amma təəssüf ki, ümumi nəticənin necə olacağını deyə bilməyəcəyəm".
Mütəxəssis ingiltərəli jurnalistin sualına cavab olaraq, "Qarabağ"ın düzgün yolda olduğunu bildirib: "Biz böyük turnirdə böyük komandaların sırasında, onlarla yan-yanayıq. Bu, bizə əlavə güc, əlavə motivasiya və əlavə inam verir. İnanıram ki, gələcək işimizdə bu mövsümdəki performansın çox böyük köməyi olacaq".
Qurbanov start heyətdə mərkəz yarımmüdafiəçisi mövqeyində Kadi Borgesə, yoxsa Coni Montielə üstünlük verməyi hələ müəyyənləşdirmədiyini bildirib: "Kadinin sıralarımıza geri dönməsi bizim üçün xoşdur və əlimizdə əlavə variantdır. Hansı ki, oyundan əvvəl və oyunun gedişində sistemdə hansısa dəyişiklik edə bilərik. Amma tam heyət sabah səhər məşqimizdə bilinəcək".
Təcrübəli mütəxəssis ABŞ-ın "Kolambus Krü" klubuna keçən Nəriman Axundzadənin "Nyukasl"a qarşı iştirak ərizəsində olmayacağını təsdiqləyib: "Təəssüf ki, onun yerinə heç bir oyunçu əlavə edə bilmərik. Yalnız akademiyadan, azyaşlı uşaqlardan kimisə daxil etməyimiz mümkündür. Lakin "Nyukasl"la qarşılaşmalarda iştirak ərizəmizdə belə bir oyunçu olmayacaq".
Baş məşqçi "İmişli"yə qarşı Azərbaycan Premyer Liqasının XX tur matçını yüngül zədə üzündən buraxmış qapıçı Mateuş Koxalskinin sabahı oyunda iştirak ehtimalını yüksək qiymətləndirib: "Böyük ehtimalla, hazır olacaq. Sabah yenə həkim müayinəsi olacaq. Yüz faizlik riskli bir şey olmasa, meydançaya çıxma ehtimalı çoxdur".
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də başlanacaq.













































































