Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda İngiltərə "Nyukasl"ına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının ilk pley-off matçından öncə brifinqdə deyib.
O, sıx qrafikdə oynayan komandanın sabah da azarkeşlərə sevinc bəxş edəcəyinə inandığını qeyd edib: “Son vaxtlar komandamızın çox sıx qrafiki var idi. Şamaxıda, süni örtüklərdə, Qubada, gilin içində, çox ağır oyunlar fiziki cəhətdən futbolçularımızda yorğunluq yaratsa da, indi baxıram ki, Qurban Qurbanovun da dediyi kimi, komandamızda motivasiya ən yüksək səviyyədədir. Oyunçular və biz sabahkı oyunun önəmini bilirik Əminəm ki, futbolçularımız içlərində, ürəklərində və bədənlərində ilahi qüvvə tapacaqlar. O an gələcək".
T.Gözel belə bir halın əsas mərhələdə Almaniya "Ayntraxt"ına 3:2 hesabı ilə qalib gəldikləri VII tur matçında baş verdiyini xatırladıb: "Həmin oyunda 65-ci dəqiqədən sonra necə hökm edərək, nəticə aldıqsa, güman edirəm ki, sabah da belə olacaq"
Klub rəhbərinin fikrincə, "Nyukasl" fiziki cəhətdən İngiltərənin ən öndə gedən klubudur, büdcəsi 700-750 milyon funt sterlinq və ya milyard dollardan çoxdur: "Yəni, bizdən 50 qat çox büdcəyə malik klubdur. Amma onlar qarşılarında inamlı, hər zamankı kimi, hücum futbolu sərgiləyən, şücaətli bir "Qarabağ" görəcəklər. Nəticənin necə olacağını bilmirəm, heç kim deyə bilməz. Amma əsas arzum budur ki, xalqımızdan alqış alaq və oyun keyfiyyətindən meydançada üstünlük yaradan "Qarabağ" görək, basqılı oynayaq. Futbolçularımdan, Qurban hocadan xahişim və gözləntim budur".
O, hazırkı mövqeyə baş məşqçi Qurban Qurbanov və onun köməkçilərinin, oyunçuların və komandanın digər üzlərinin düha və zəhməti, xalqın, Prezident İlham Əliyevin inanılmaz dəstəyi sayəsində gəldiklərini vurğulayıb: "Mən burada bir şeyi də deyə bilərəm: Sabah gözəl nəticə alsaq, ən çətin günlərimizdə yanımızda olan "Azersun Holdinq" və onun zəhmətkeşlərini, minlərlə insanı sevindirmək istəyirik. O insanlarımıza deyirəm ki, özünüzlə fəxr edin. Belə bir komanda yaratmaqda nə qədər rol oynadınız. "Azersun Holdinq" bir günəş kimi bizə enerji verib. Heç unutmuruq: Büdcəmiz çatmayanda, iki dəfə artıq büdcə istəyəndə, heç vaxt bizə "yox" demədilər. Hər kəsə təşəkkür edir və xalqımıza deyirəm ki, sabah "Qarabağ"ın yanında olaq, tək yumruq olaq və xalqımızı sevindirmək bizə qismət olsun".
T.Gözel "Qarabağ"ın Bakıdakı görüşdən qələbə ilə ayrılması arzusunda olduğunu açıqlayıb: "Tofiq Bəhramov adına Respublika stadionunda azarkeşlərimiz önündən qələbə ruhu ilə çıxsaq, oradan da nəticə alacağımıza inanıram. İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Qalanı bəxtə nə düşəcəyindən asıldıır. Əmin ola bilərsiniz ki, klubda hər kəsin motivasiyası ən yüksək səviyyədədir. “Qarabağ” o qədər gözəl, təmiz, müqəddəs ailədir. Biz savaşan komandayıq və bizdə savaşçı ruhu var. Qismət olsa növbəti mövsümdə də Çempionlar Liqasında vuruşacağıq, olmasa Konfrans Liqasında. Bəlkə də xeyirlisi o olacaq. Konfrans Liqasına düşsək, sonadək gedəcəyik”.













































































