Portuqaliya "Benfika"sının futbolçusu Canluka Prestianni UEFA Çempionlar Liqasının pley-off mərhələsində İspaniya "Real Madrid"inə evdə 0:1 hesabı ilə uduzduqları ilk oyunda yaşanmış irqçilik qalmaqalı ilə bağlı açıqlama yayıb.
Sportnet.az-ın məlumatına görə, argentinalı vinger ünvanına səsləndirilən ittihamlara münasibət bildirib.
Xatırladaq ki, qarşılaşmadan sonra Madrid klubunun hücumçusu Vinisius Junior Prestiannini irqçi ifadələr işlətməkdə ittiham edib. “Kral klubu”nun digər üzvü Kilian Mbappe isə onun oyun ərzində beş dəfə Vinisiusu təhqir etdiyini iddia edib.
Prestianni sosial şəbəkə hesabında yaydığı bəyanatda ittihamları qəti şəkildə rədd edib: “Bir daha vurğulamaq istəyirəm ki, heç bir halda Vini-Juniora qarşı irqçi ifadə işlətməmişəm. Təəssüf ki, o, eşitdiyini səhv başa düşüb. Mən heç vaxt kiməsə qarşı irqçilik etməmişəm və "Real Madrid"in bəzi oyunçularından aldığım təhdidlər məni məyus edib”.
Qeyd edək ki, cavab qarşılaşması fevralın 25-də Madriddə keçiriləcək.














































































