"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə İngiltərə "Nyukasl"ına 1:6 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:
- Təəssüf ki, belə bir məğlubiyyət oldu. Əlbəttə, istəməzdik. Xüsusən də doğma meydanda, öz azarkeşlərimiz önündə. Amma bu, böyük futboldur. İstənilən oyunda belə nəticələr ola bilər. Çünki Çempionlar Liqası başqa bir səviyyədir. Burada belə məğlubiyyətlər qaçılmazdır. İlk dəqiqələrdən futbolçularımız çox böyük zərbə aldılar. Oyunun əvvəllərində ardıcıl iki qol, daha sonra penaltidən sonra boks dilində desək, nokauta düşdülər və özlərini ələ ala bilmədilər. Amma bu, qarşımızdakı rəqibin də gücünü göstərirdi. Daha əvvəl də fikirlərimi bildirmişdim ki, "Nyukasl" ən sürətli futbol oynayan, rəqib qapısına ən tez yaxınlaşan komandalardan biridir. Fiziki, texniki, taktiki baxımdan rəqibin hazırlığı çox yüksək səviyyədə idi. Fürsətdən istifadə edərək, azarkeşlərə təşəkkür etmək istəyirəm. İlk hissədəcə böyük hesabla geridə olmağımıza baxmayaraq, onlar sonadək yanımızda oldular, bizi dəstəklədilər. Bu, bir daha birliyimizi göstərdi. Hamı üçün böyük futbolun nə demək olduğunu həm burada, həm də Liverpulda hiss etdik. Buna baxmayaraq, ruhdan düşməli deyilik. Belə məğlubiyyətlər qaçılmazdır. Önümüzə daha da pozitiv baxmalı, daha da diqqətli və ciddi hazırlaşmalıyıq. Hər bir halda, futbolçularım böyük yol gəldilər, böyük əziyyət çəkdilər. Ən azından bu ilin fevralınadək Çempionlar Liqasının həyəcanını azareşlərimiz Bakıda hiss etdilər, böyük komandalar, böyük oyunçular, böyük məşqçilər gördülər. İnanıram ki, bu il futbol ölkəmizdə daha da populyarlaşdı. Avropada komandamıza daha çox diqqət ayırdılar, daha yaxından tanıdılar. İstəməzdik ki, belə məğlub olaq. Amma hər bir halda barışmalı, rəqibə dəyər verməliyik. Bu, onların haqqı idi. Çünki motivasiyaları, istəkləri, oyuna hazırlıqları həqiqətən də yüksək səviyyədə idi".
- Matçın fasiləsində futbolçulara nə dediniz?
- Fasilədə dediyim fikirlər futbolçuları sakitləşdirmək, soyuqqanlı olmalarını istəmək yönündə oldu. Onların yanlarıda olduğumu bildirdim. Biz nə olursa-olsun, mütləq şəkildə oyundan qopmalı deyildik. İkinci hissəyə də belə davam etsəydik, hesab daha böyük ola bilərdi. Bütün oyunlardan əvvəl, fasilədə və hətta belə məğlubiyyətlərdən sonra futbolçuları daha da sakitləşməyə çağırıram. Çünki qarşımızdakı rəqibin gücünü bilirik və onlara qarşı sonadək mübarizə aparmağa çalışırıq. Amma bəzən bu cür rəqiblər, xüsusən, İngiltərə komandaları daha aqressiv, daha aktiv olurlar. Bəzən futbolçularımızın qərar vermələrində gecikmələr olurdu. Rəqib imkan vermirdi ki, vaxtında, düzgün düşünsünlər.
- Bu anda Bədavi Hüseynovun meydançaya buraxılması nə ilə əlaqədar idi?
- Onu meydançaya buraxmağımızda məqsəd müdafiəni daha da gücləndirmək, sırf mərkəz müdafiəçilərinin sayını artırmaq idi. Bədavi özünü çox yaxşı tərəfdən göstərdi.
- Qarşıda "Sabah"la oyunun gəldiyini nəzərə alaraq, "Nyukasl"la cavab görüşündə rotasiyalar etməyi düşünürsünüz?
- Xeyr, belə fikrimiz yoxdur. Qarşıda cavab oyunu var. Həm də 3-4 məşq bir yerdə ola biləcəyik. Ola bilsin, daha yaxşı hazırlaşmağa ehtiyacımız var. Çünki önümüzdə qarşısındakını bağışlamayan rəqib var. Onlar İngiltərədə seçilirlər və daha çox qol vurmaq istəyirlər, daha bol qollu oyunlar keçirmək istəyirlər. Hər turda biz bunu görürük. Ciddi rotasiyalara əl atmağı düşünməyəcəyik.
- Bəhlul Mustafazadənin zədəsi haqda məlumat varmı?
- Hələ yox. Sabah dəqiq bilinəcək. Böyük ehtimalla əzəli dartılması gözlənilir. Sabah aparılacaq müayinələrdən sonra klub tərəfindən məlumat veriləcək.
- Hər bir klubun başında "qara buludlar" olduğu dönəmlər olur. "Qarabağ" da hazırda bunu yaşayır deyə bilərik. Sizcə, bu durum ley-off mərhələsinin eyforiyası idi, yoxsa fiziki durumun tükənişi?
- Mənim fikirlərim daim özümüzü sığortalamaq kimi səslənə bilər. Amma bu, belə deyil. Hər oyundan-oyuna rəqiblərin səviyyəsi daha da artır, onlar daha ciddi, dinamik, məsuliyyətli olurlar. Əsas mərhələyədək olan oyunlarımız da belə idi. Oyundan-oyuna rəqiblərin gücü də fərqli olurdu, onlar oyunlara daha fərqli yanaşırlar. Pley-off mərhələsinə kimi çıxmışıqsa, böyük klublara qarşı oynamaq bizim üçün böyük riskdir, bu hesabları göz önünə almalıyıq. Amma böyümək, futbolumuzun inkişafı üçün bu risklərə getməliyik. Özümüzü böyük hesablı məğlubiyyətlərə qurban verməyə hazır olmalıyıq. Bunlar olmasa, 2-3 tur əvvəl məğlub olaq, sonra da deyək ki, böyük komandalara qarşı oynamadıq. Bu, işimizdə, peşəmizdə vaxt keçirmək kimi bir şey olacaq. Məncə, bu, futbolçular, məşqçilər korpusu və klub rəhbərliyi üçün yox, hamımız üçün bizi qarşıda nələr gözləyə bilər, dünya futbolu hara gedir, onlar hansı səviyyədə performans göstərirlər - bunları canlı görmək faydalıdır. Bu gün bunun tam şahidi oldum. Əvvəllər 0:3, 0:4 hesablı məğlubiyyətlərimizdən sonra azarkeşlər tribunaları tərk edirdilər. Amma bu gün son 5-6 dəqiqədə seyrəlməyə başladılar. Onlar da Çempionlar Liqasının başqa bir səviyyə olduğunu tam qəbul ediblər. Amma onlar bizim yanımızda olduqlarını göstərdilər, böyük futbolu sonadək izləməyi bacardılar. Hamımız üçün böyük təcrübə oldu. Azarkeşlər bu gün də möhtəşəm idilər. Onlara futbolçularımın yanında olduqları üçün bir daha təşəkkür edirəm. Əvvəllər oyunumuz alınmayanda, gedişat yaxşı olmayanda bəzən fitə basılırdıq, hansısa hissədə etirazlar bildirilirdi. Bu gün isə əksinə oldu. Bu, bir daha bizim birliyimizi göstərdi, xüsusən, ingilis fanatların qarşısında bir yerdə olduğumuzu göstərdi. Yəni, məğlub ola bilərik, amma ayrılmarıq.
- "Nyukasl"ın pressinqinə qarşı oyun planınız nə idi?
- Belə oyunlarda, xüsusən də öz meydançamızda hansısa gedişatda dəyişiklik etməyə vaxtımız yox idi. İndiyədək bundan istifadə etməmişiksə, gərək bir neçə məşqdə edək ki, istədiyimiz çıxışlar və pressinqlər bir-birini tamamlamış olsun. Bunları etməyə vaxtımız yox idi, amma Biz bu gün həmişəki kimi, bacardığmızın daha yaxşısını etməyə çalışdıq. Lakin rəqibin hər şeyi alındı, hər bir hücumu keyfiyyətli idi. Lakin ikinci hissədə fərqli oynadıq. Hər bir halda qarşımızdakı rəqibə görə futbolçularımızda həyacan var idi.














































































