"Qarabağ"ın hücumçusu Musa Qurbanlının evdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra Sportnet.az-a müsahibəsi:
- Oyun haqda düşüncələriniz nələrdir?
- Çox maraqlı və gərgin görüş keçdi. "Sabah"la qarşılaşmalarımız hər zaman belə olur. Yaxşı təşkilatlanmış komandaya qarşı çıxış etdik. Onlar bu mövsüm öz güclərini göstərə bildilər. Azarkeşlərimizə də təşəkkürlüyümü bildirirəm. Çox gözəl atmosfer yaratmışdılar. Çox istəyərdim ki, qələbə qazanaq. Düşünürəm ki, yaxşı oynamışdıq. Rəqibin ikinci qoluna qədər bütnü komponentlərdə onları üstələmişdik. Cavab oyununda maksimum hazırlaşacağıq ki, qələbə qazanaq.
- Ev oyununda qələbə qazana bilməmək səfər matçında motivasiyanıza hansısa təsir göstərə biləcək?
- Qələbə qazansaq daha yaxşı olardı. Amma yenə də çalışacağıq ki, finala adlayan tərəf biz olaq.
- Bu gün uzun müddət sonra futbolumuzda tamaşaçı rekordu qırıldı. Bu barədə nə deyə bilərsiniz?
- Çox xoş haldır. Hər zaman istəyərdim ki, oyunlarımız belə keçsin.
- Yerli səviyyədə bu gün "Sabah"la olan rəqabət kimi başqa bir görüş xatırlayırsınız?
- Həmişə "Neftçi" ilə oyunlarımızda belə mübarizələr olurdu. Hər il hansı komanda bizimlə birgə çempionluq mübarizəsi aparırsa, onlarla belə rəqabət olur.
- Bu gün bir neçə penalti şübhəsi oldu. Hakimə etiraz etdiniz. O epizodlarla bağlı nə deyə bilərsiniz?
- Heç nə demək istəmirəm. Hamısı düzgün qərarlar idi.
Mikayıl HACIYEV












































































