"Bir il əvvəl "Krivbass"da çalışdığım vaxt Krivoy-Roq şəhərinə işğalçılar tərəfindən hücum olmuşdu. Həmin vaxt ballistik raket atışı nəticəsində 9 uşaq və 21 böyük həyatını itirdi. Vaxt keçsə də, mən də, bütün Ukrayna xalqı da bunu xatırlayıram. Düz bir il əvvəl baş vermiş hadisəni yada salmağı özümə borc bildim".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyunda qalib gəlmək üçün hansısa dəyişikliklərə əl atdınızmı, yoxsa əvvəlki plan üzrə davam etdiniz?
- Biz səylə işləyirik, futbolçularımızın çox gözəl əhval-ruhiyyəsi, komandada çox böyük rəqabət var. Hamı oynamaq istəyir. Buna görə də işim bir az asan olur. Mən sadəcə, düzgün heyəti seçməliyəm. Mənə qalan budur. Bu gün "Neftçi"nin performansını gördünüz, gözəl oyun oldu. 3:1 hesabı ilə qalib gəldik, amma yenə qollar vura biləcəyimiz kifayət qədər epizod var idi. Qol buraxdıq, top uçdu, keçdi. Bu, olan şeydir. Xoşuma gələn o oldu ki, oyunçularım özlərinə gəldilər, irəli getdilər və çox qısa müddətdə yenidən qol vurdular. Daha sonra isə bir dəfə də fərqləndilər. Bir baş məşqçi kimi mənim üçün ən önəmlisi budur.
- Aprelə yaxşı başladınız, amma qarşıda "Qarabağ"la Azərbaycan derbisi və "Araz-Naxçıvan"la "Zirə"yə qarşı oyunlarınız var. Bütün rəqiblər avrokuboklar uğrunda mübarizə aparırlar. Komandanız fasilədən necə qayıdıb və qarşıdakı vacib sınaqlara neçə faiz hazırdır?
- Futbolçularıma demişəm ki, bizi çox ağır aprel ayı gözləyir. Çünki qarşı daha 4 oyunumuz var. Bunlar əladır, superdir, belə də olmalıdır. Əlimi ürəyimin üstünə qoyaraq bu oyunları səbirsizliklə gözləyirəm. Çünki komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Bu oyunları birnəfəsə keçə bilsək, yaxşı olacaq.
- Azərbaycan millisinin düşərgəsindən zədəli qayıdan kapitan Emin Mahmudovun durumu necədir?
- Emindən hələ də çox böyük gözləntilərim var. Düşünürəm ki, bir-iki gün ərzində bizimlə yenidən məşq etməyə başlayacaq. Kapitanla oyun fərqlidir. Onsuz komandanı meydançada idarə etmək sarıdan başın ağrıyır, bilmirsən ki, kimi harada qoyasan. Mahmudov hər gün keçdikcə, yaşlanmasına baxmayaraq, daha da yaxşılaşır. Ona şəfa diləyirik. Həm mən, həm də bütün komanda onu çox gözləyirik. Bu gün də yenə bizimlə idi.
- Sizin rəhbərliyiniz dövründə "Neftçi" yalnız "Turan Tovuz"a məğlub olub, xüsusən özündən aşağı pillərdəki komandalarla görüşlərdə xal toplamağı bacarıb. Üst pillələrdəki rəqiblərlə oyunlara hansısa planlarınız varmı?
- Fərqli plan dəqiq olmayacaq. Bizim hər zaman bir planımız car: Çıx, oyna və ud. Necə olacağını bir Allah bilir.
- İddialı rəqiblərlə oyunlarda eyni nəticəni qazanmağa nə mane olur?
- Hər oyun üçün bir plan olur. Hər oyuna hansı planın olduğunu deyə bilmərəm axı... Bütün rəqiblərimizi, necə deyərlər, hissələrə bölürük. Bilirik ki, onların zəif və güclü tərəfləri hansılardır. Bunu oyunçularımız bilirlər. Onların təkcə A yox, B planı da var.
- Bu gün müəyyən taktiki dəyişikliklərə əl ataraq, Freddi Varqasa start heyətində yer verdiniz, sırf hücumçu Vensan Abubakarı isə ikinci hissədə meydançaya buraxdınız. Bu, nə ilə əlaqədar idi?
- Varqas ikinci oyundur ki, hücumçu mövqeyində oynayır. Bassala Sambunun davam edən kiçik problemləri var və o, hələ də bizimlə məşq etmir. Vensan Abubakarın da problemləri var idi, hələ indi özünə gəlir, formasını yığır. Bu səbəbdən, onların rolunu Varqas oynayır və göz dəyməsin, pis də alınmır. Artıq ikinci oyundur çox yaxşı təsir bağışlayır.
- Artıq iki gündür Azərbaycan Kubokunun "Turan Tovuz" - "Zirə" oyunundakı hakim səhvləri müzakirə olunur. Əslində baş hakim Əliyar Ağayevin meydan sahiblərinin təmiz penaltisini verməməsi təkcə onların haqqının yeyilməsi anlamına gəlmir, həm də "Neftçi"nin 4-cü yeri tutaraq, Konfrans Liqasına vəsiqə qazanmaq imkanlarının qarşısı alınır. Çünki "Zirə" finala yüksələrək, həlledici görüşdə də qalib gəlsə və Azərbaycan Kubokunu qazansa, sizə 4-cü yer də avrokuboka vəsiqə sarıdan kömək etməyəcək. İzlədiyiniz məlum epizodla bağlı fikirləriniz necədir?
- Bu məsələ rəhbərliyə - AFFA və Hakimlər Komitəsinə məxsusdur. Hakimlər bizim də xətrimizə dəyiblər. Amma insandırlar, onlar da səhv edə bilərlər. Çox da yaxşı anlayıram ki, bu, ağrılı olur. Xüsusən, uduzan komanda və məşqçilər heyəti üçün. Amma mən bütün fikirlərimi və gücümü əsasən öz komandama həsr edir, buna çox da diqqət yetirmirəm. Bu qənaətə gəlməyimə Ukrayna Premyer Liqasında çalışmağım da kömək etdi. Orada hakimlər məni çox sevirdilər, indi də sevirlər. Əsas işim odur ki, yalnız komandama köklənim və oyunlara fokuslanım.












































































