"Sumqayıt"ı baş məşqçisi Saşa İliç evdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Rəqibi təbrik edirəm. Yenə futbolçularımız fərdi səhvlərə yol verdi. Bunun nəticəsində qollar buraxdıq.
– Komanda 10 oyundur qələbə qazana bilmir. Bu nəticələrin hamısında futbolçular səhv edə bilməzlər. Özünüz məğlubiyyətlərdə məsuliyyətinizi hansı səviyyədə görürsünüz və istefa haqqında düşünürsünüz?
– İstefamla bağlı rəhbərlik qərar versə, mənim üçün problem deyil. Futbolçulara məşqçilər olaraq, tapşırıqlarımızı veririk. Xüsusən də kapitan Səbuhi Abdullazadəyə. Ona başa salırıq ki, sadə oynamaq lazımdır, mərkəzdə səhvlər buraxmaq olmaz. Amma yenə də həmin şeylər təkrarlanır. Əsas problemlər bunlardır.
- Belə çıxmırmı ki, sizinlə kapitan arasında anlaşmazlıq var?
- Xeyr, tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Abdullazadə idi, sabah Masaki Murata və ya Nikola Ninkoviç ola bilər. Əsas məqsəd budur ki, bir nəfərə deyilirsə, digərləri də dərk etməlidir. Amma belə səhvlər buraxsan, "Sabah", "Neftçi", "Qarabağ" kimi komandalar səni bağışlamayacaqlar.
- Bəs "Kəpəz", "Qəbələ" və ya "Karvan-Yevlax"la oyunlarda xal itkilərinizin arxasında nə dayanır?
- "Kəpəz"lə və ya "Karvan-Yevlax"la oyunlarımızı izləmişdiniz? Sizcə, buraxdığımız qollar nəyə görə oldu?
- Bəs futbolçular səhv edəndə komanda uduzacaqsa və ya əksi baş verəcəksə, burada baş məşqçinin rolu nədən ibarət olur?
- Premyer Liqada 5-6 komanda var ki, doğrudan da səviyyəcə "Sumqayıt"dan irəlidədir. Amma digərləri faktiki olaraq, bərabər səviyyəli klublardır. Buraxdığın səhvlər də nəticəyə təsirini göstərir. Bununla yanaşı, biz maksimumuza çatmışdıq. Xatırlayıram, liqanın birinci yarısında heç kim sual vermirdi ki, nəyə görə qələbələr qazanırsınız? Bunlar futbolda olan məsələlərdir, mənim istəyimlə bağlı deyil. Fikrimcə, maksimuma çatmışdıq və irəliləmək üçün növbəti addımlar atmaq lazım idi. Rəhbərliklə danışdıq, müəyyən dəyişikliklərə getdik, gənc oyunçulara şans verdik. Artıq onlardan gözləyirik ki, avrokuboka vəsiqə baxımından nəticə olmasa da, özlərini göstərsinlər və növbəti mövsümdə ya əsas heyətdə yerlərini möhkəmlətsinlər, ya da hansısa kluba transfer olunsunlar. Artıq şans onlardadır, özlərini göstərməlidirlər.
- Bunların hamısı aydındır. Bəs özünüz baş məşqçi kimi nələri səhv etdiyinizi düşünürsünüz?
- Mənim əsas məsuliyyətim komandanı hazırlamaq, buraxılan səhvləri məşq elətdirmək, bunları futbolçuların nəzərinə çatdırmaq və aradan qaldırılmasını tələb etməkdir. Demirəm ki, uduzmağımız futbolçuların səhvlərinə görədir. Demək istəyirəm ki, futbolda daha çox səhv buraxan komanda uduzur. Buraxdığımız səhvlər isə çox adidir. Bunlar böyük problem deyil, olan şeydir. Amma bir faktdır. Səbəbini soruşursunuzsa, sırf buna görə məğlub oluruq. Məsuliyyəti öz üzərimə götürərək, səhvləri məşqlərdə deyirəm, amma yenə də təkrarlanır. Daim oyunçuların rotasiyası getməlidir. "Qarabağ"ı götürək, eyni heyətlə nə qədər uzağa gedə bilər? Hər zaman rotasiyalar, dəyişikliklər, yeniliklər olmalıdır. Biz buna getməliyik. O ki qaldı, təbii ki, əsası mənim məsuliyyətimdir. Səhvlərə görə cavabdeh mənəm.
- Sanki Səbuhi Abdullazadə oynamaq istəmir. Elə isə nə məcburdur ki, onu meydançaya buraxırsınız?
- Mənim üçün inanılmazdır. Çünki özüm də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə olur, meydançaya çıxırsan, amma oynamaq istəmirsən? Bu, mənim üçün anormal bir şeydir. Xüsusən də bu şəhərin yetirməsi olan Səbuhi üçün. Təcrübəmdə də belə bir şey olmayıb. İnanmıram, inanmaq istəmirəm.
- Rəhbərlik yeni müqavilə təklif edərsə, növbəti mövsüm fərqli "Sumqayıt" görə bilərikmi və komandada nələr dəyişməlidir?
- Bildiyim odur ki, komanda nəticə qazanmaq niyyətindədirsə, hamı bir yerə vurmalı, vahid strategiya üçün çalışmalıdır. Bəlkə məni düzgün başa düşmədiniz, tərcümədə problem oldu, amma mən demirəm ki, bu, futbolçuların səhvidir. Nəticələrdə hamının səhvi var. Futbolçuların səhvi birbaşa mənim səhvimdir. Növbəti mövsüm barədə danışmaq istəmirəm. Çünki çempionatın sonunadək vaxtımız var.












































































