"Oyunçularımı təbrik etmək istərdim".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis komanda öz döyüşçü oyununa və mənliyinə qayıtdığını bildirib: "Kollektivimiz bu vəziyyətdə istənilən rəqibə çətinlik yarada bilər. Birinci qolu vurana qədər işlərimiz çətin idi. Bütün oyun boyunca taktiki cəhətdən yaxşı çıxış etdik. Müdafiəmizdə olan anlaşılmazlıqlar və Ezekiel Morqanın zədələnərək meydançanı tərk etməsi "Turan Tovuz"un qol vurması ilə nəticələndi. İkinci hissəyə daha rahat başladıq. Məncə, 2:1 hesabı ilə qələbə qazanmağa layiq idik. Qalib gələ bilməsək də, heç-heçə edərək vacib bir xal qazandıq".
Kaşkilya hazırda hazırda turnir cədvəlində böyük mübarizənin getdiyini vurğulayıb: "Bütün diqqətimizi "Qəbələ" ilə görüşə kökləmişik. 5 gün vaxtımız var. Ona görə də futbolçuların bərpasına daha çox diqqət yetiriləcək".















































































