"Araz-Naxçıvan"ı səfərdə 4:2 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçında dubl edən "Sabah"ın futbolçusu Coy Lens Mikelsin Sportnet.az-a müsahibəsi
- Bu qələbə ilə ardıcıl 4-cü mövsüm avrokuboklara vəsiqəni təmin etdiniz. Oyun barədə nə deyə bilərsiniz?
- Bunu bilmirdim, eşitməyimə sevindim. Çətin oyun keçdi. Şübhəsiz ki, qələbə qazanmağa layiq biz idik.
- Komandanızın avrokuboklardakı daimiliyi haqqında nə deyə bilərsiniz? Çünki, illərdir bunu bacarırsınız...
- "Sabah"ın yaxşı işlər ortaya qoyduğunu hamımız görürük. Mən bura 2021-ci ildə gəlmişdim. O vaxtdan bəri bu klubla bağlı çox şeylər dəyişib. Hər il daha da yaxşılaşırıq. Təbii ki, bunlara görə prezident Maqsud Adıgözəlovun da adını vurğulamaq lazımdır. Çünki o, hər zaman komandanı gücləndirmək üçün səylər göstərib. İndi isə Valdas Dambrauskas kimi baş məşqçimiz var. Kollektiv olaraq əla çıxış edirik. Belə olmaq bizi xoşbəxt edir.
- Bu qələbə sizin çempionluq mübarizənizdə nisbətən rahatlıq yaratdı?
- Bir az, bəli. Amma heç nə bitməyib. Qarşıda "Zirə" ilə çətin oyunumuz var. Çempion olmaq istəyirik, özünəinamımız da yerindədir.
- Bu gün vurduğunuz qollarla bombardir mövqeyinizi daha da möhkəmləndirdiniz. Artıq Premyer Liqada 17 qolunuz var. Sizcə, komandanızda turun ən yaxşı oyunçusu olduğunuzu düşünürsünüz?
- Bilmirəm. Fərq etmir. Bəzən Kahim Parris olur, bəzən Velko Simiç. Mənəmsə, nə yaxşı.
- Penaltinin yenidən təyin olunması ilə bağlı nə deyə bilərsiniz?
- Qaçırdığım penaltini çox yavaş vurmuşdum deyə, qapıçının ram etməsi rahat oldu. Lakin ikinci dəfə təyin olunanda qol olacağından əmin idim.
- Çox vaxt qollarınızı Kriştianu Ronaldusayağı qeyd edirsiniz. Bunun xüsusi səbəbi var?
- Bilmirəm... Kriştianunu çox bəyənirəm.
Mikayıl HACIYEV














































































