Bu gün İspaniya La Liqasının XXXV turunda mövsümün növbəti “El Klasiko”su keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Barselona" doğma Kamp Nou" stadionunda "Real Madrid"lə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüş çempionluğun taleyini böyük ölçüdə həll edə bilər.
Hazırda turnir cədvəlində komandalar arasında 9 xallıq fərq var. Sona 4 tur qalmış Kataloniya klubu 88 xalla 1-ci, paytaxt təmsilçisi isə 77 xalla 2-ci yerdə gedir.
Madrid komandasının çempionluq şansını davam etdirməsi üçün səfərdə mütləq qələbə qazanması lazımdır. Bununla yanaşı, “Real Madrid” uğurlu seriyanın, “Barselona” isə uğursuz nəticələrin başlanğıcını yaşaya bilər. Ancaq hazırkı vəziyyətdə bu ssenari çox da real görünmür. Çünki qonaq komanda qalmaqal və daxili problemlərlə gündəmə gəlir, kataloniyalıların düşərgəsində isə sabitlik hökm sürür.
“Barselona”da Lamin Yamal meydançaya çıxa bilməyəcək. Gənc ulduzun mövsüm başa çatdıqdan sonra, hətta yalnız 2026-cı il dünya çempionatında qayıda biləcəyi bildirilir.
“Real Madrid”də isə itkilər daha çoxdur. Rodriqo, Eder Militao, Arda Güler, Ferlan Mendi, Dani Carvaxal və Federiko Valverde qarşılaşmanı buraxacaq.
Maraqlıdır ki, “Barselona” indiyədək heç vaxt “El Klasiko”da çempionluğu rəsmiləşdirməyib. Bu səbəbdən, mümkün qələbə klub tarixində xüsusi yer tuta bilər.

















































































