
"Panatinaikos”la oyun çətin keçdi. Belə olacağını əvvəldən bilirdik. Bu üzdən də konsentrasiya üzərində çox çalışmışdıq. Bütün komanda yoldaşlarımla birgə psixoloji cəhətdən tam köklənmişdik". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Dodo Yunanıstan "Panatinaikos"u ilə Avropa Liqasının təkrar "pley-off" qarşılaşmasından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, komandası Afinadakı görüşdə qələbə üçün mübarizə aparmağı qarşısına hədəf qoyub: "Çünki "Qəbələ” üçün Yunanıstan klubu ilə oyun çox vacib idi. Bu matç həm bütün futbolçular, həm "Qəbələ”nin adı üçün çox önəm daşıyırdı. Biz bu oyunda ürəyimizi qoyub, var qüvvəmizlə mübarizə apardıq. Ola bilsin ki, komanda istədiyi kimi çıxış edə bilmədi, amma əsas önəmli olan nəticədir. Biz də bunu bacardıq".
Dodonun sözlərinə görə, indi "Qəbələ”nin özünü, adını Avropada tanıtmaq vaxtıdır: "Hədəfimizə çatdıq. Bizi qarşıda qrup mərhələsi gözləyir. Çalışacağıq ki, orada da layiqli çıxış edib, azarkeşlərimizi sevindirək. Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq".
Kapitan 2:2 hesabı ilə bitən "Panatinaikos”la matçda hər iki qolun müəllifi olub. Lakin o, "dubl" etməsinə baxmayayaraq, qazandığı bu nəticəni bütün komandanın uğuru adlandırıb: "İlk qolda Rikardinyo, ikincidə Aleksey Qay ötürmə etməsəydi, mən fərqlənə bilməzdim. Nəticə qazanmışıqsa, bunu bütün komanda ilə etmişik. Son 10 dəqiqəni daha çox müdafiədə keçirməyimiz onunla bağlıdır ki, həm rəqib daha çox hücum edirdi, həm də nəticə bizim üçün sərfəli idi. Yaratdığımız qol imkanlarını qaçırdığımıza gəlincə, hər bir futbolçu qol vurmasını istəyər. Bu isə bəzən alınır, bəzən alınmır”.
Qeyd edək ki, "Qəbələ" səfər qolları sayəsində "Panatinaikos"u üstələyərək, qrup mərhələsinə yüksəlib.