Tovuzun "Turan” klubunun keçmiş baş məşqçisi Naci
Şensoy Azərbaycan Premyer Liqasında 1 türkiyəli, Türkiyə Superliqasında 1 azərbaycanlı
futbolçunun legioner statusundan azad olunma ehtimalına dair xəbərə öz "facebook" səhifəsindən
münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, türkiyəli mütəxəssis bu
ideyanı hələ 14 il öncə - "Turan”da işlədiyi dövrdə irəli sürdüyünü yazıb.
Türkiyə 1-ci liqasında türkdilli ölkələrdən olan 2 futbolçunun legioner statusunu daşımadığını xatırladan təcrübəli mütəxəssis fikirlərini belə tamamlayıb: "2000/2001 mövsümündə "Turan”ı çalışdırırdım. İlk dəfə bu ideyanı ortaya mən atmışdım. Bunu başa düşmək də asandır. Bir halda ki, Avropa Birliyinə daxil olan ölkələrin futbolçuları öz aralarında legioner sayılmırlar, Türk cümhuriyyətləri dövlətləri eyni yaxınlığı niyə nümayiş etdirməsinlər? 14 ildən sonra bu fikrimin gerçəkləşməsi məni xeyli sevindirdi”.