AFFAnın İntizam Komitəsi Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyunlarda baş verənlərlə bağlı 4 klubu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, bunlar "Xəzər Lənkəran", AZAL, "Bakı" və "Qəbələ" klublarıdır.
"Rəvan" – "Bakı" matçı başa çatdıqdan sonra paytaxtın eyniadlı klubunun rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluqluq cəzalanıb, klub isə 500 manat cərimə edilib.
"Xəzər Lənkəran" – "Kəpəz" matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
AZAL – "Zirə" matçının 60-cı dəqiqəsində "təyyarəçilər"in futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubunu isə 2000 manat ziyana salıb.
"Qəbələ" – "Mil-Muğan" matçının 68-ci dəqiqəsində "qırmızı-qaralar"ın futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.