Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son 2 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Hollandiyanın PSV klubu İspaniya "Atletiko"sunu qəbul edib.
Eyndhoven şəhərindəki "Filips" stadionunda keçirilmiş qarşılaşmada hesab açılmayıb. 68-ci dəqiqədə Qaston Pereyro qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoysa da, madridlilər say üstünlüyündən yararlana bilməyiblər.
Əvəzində Ukrayna paytaxtı Kiyevdə "Dinamo" ilə İngiltərənin "Mançester Siti" komandaları arasındakı matçda qapılara 4 qol vurulub. Aşkar üstünlüyə malik qonaqlar 3:1 hesablı qələbə ilə 1/4 finala vəsiqəni böyük ölçüdə təmin ediblər.
Çempionlar Liqası, 1/8 final
23:45. PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya) - 0:0
Qırmızı vərəqə: Qaston Pereyro, 68 (PSV)
Baş hakim: Danielo Orsato (İtaliya)
Eyndhoven. "Filips" stadionu
23:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə) - 1:3
Qollar: Vitali Buyalski, 59 - Serxio Aqüero, 15. David Silva, 40. Yaya Ture, 90
Baş hakim: Antonio Mateo Laos (İspaniya)Kiyev. "Olimpiyskiy" stadionu
Qeyd edək ki, 1/8 final mərhələsinin digər ilk qarşılaşmalarında Fransa PSJ-si İngiltərənin "Çelsi" klubunu 2:1, Portuqaliya "Benfika"sı Rusiya "Zenit"ini 1:0 hesabı ilə yenib, İtaliya "Roma"sı İspaniya "Real Madrid"inə 0:2, Belçika "Gent"i Almaniya "Volfsburq"una 2:3, İngiltərə "Arsenal"ı İspaniya "Barselona"sına 0:2 hesabı ilə uduzub. İtaliya "Yuventus"u isə Almaniya "Bavariya"sı ilə bərabərliyə qalıb - 2:2.