Kiyev "Dinamo”sunun qapıçısı Aleksandr Şovkovski Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, komandanın kapitanı da olan təcrübəli əlcək sahibi cari turnirin ən yaşlı oyunçusudur.
Şovskovski "Mançester Siti” ilə ilk 1/8 final matçında 41 yaş 53 günlüyündə meydana çıxıb. 1975-ci il təvəllüdlü qolkiperin yanvarın 2-də 41 yaşı tamam olub.
O, ÇL-nin tarixində ən yaşlı 3-cü oyunçudur. Özündən əvvəlki 2 futbolçu da onun həmkarlarıdır. İtaliyalı qapıçı Marko Ballotta "Latsio”nun heyətində 43 yaş 253 günündə meydana çıxmaqla, ÇL-in tarixində mütləq rekordçudur. İkinci yerdə uzun illər Avstraliya yığmasının qapıçısı olan Mark Şvartser gəlir. Şvartser "Çelsi”nin heyətində turnirdə 41 yaş 206 günündə oynayıb.
Şovkovskinin heç 2-ci yerə çatmaq şansı da yoxdur. Çünki Kiyev "Dinamo”su evdə 1:3 hesabı ilə uduzduğundan, mübarizəni dayandıracağını indidən demək olar. Bir də ki, Şovkovski ilə "Dinamo” cari mövsümün sonunda başa çatan müqaviləni uzatmamaq qərarına gəlib. Bu da qapıçının yayda karyerasını bitirəcəyini qərara alması ilə bağlıdır.
Şovkovski ÇL-də 19 yaşında, hələ 1994-cü ildə Moskva "Spartak”ı ilə matçda debüt edib. Kiyevdə keçirilmiş həmin oyun "Dinamo”nun 3:2 hesablı əzmkar qələbəsi ilə nəticələnib. Qələbə topunun müəllifi qapıçının hazırkı baş məşqçisi, uzun illər isə birgə oynadığı Sergey Rebrov olub. Şovkovskinin turnirdə ən böyük uğuru Kiyev "Dinamo”su üçün "qızıl il” olan 1999-da yarımfinaladək irəliləməsidir. Ancaq həmin vaxt "Bavariya” (evdə 3:3, səfərdə 0:1) ukraynalıların finalda "Mançester Yunayted”ə rəqib olmasına imkan verməyib.
Qeyd edək ki, ÇL tarixində ən yaşlı sahə oyunçusu futbolçu karyerasını "Milan”a həsr edən Alessandro Kostakurta (40 yaş 213 gün) olub.
Mehman SÜLEYMANOV